Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti toplantı Ispaniya Krallığının Madrid şəhərində keçirilib. Bugünlərdə “Erasmus+” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihənin tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universitetində adıkeçən səfərin əhəmiyyəti və yekunlarına dair tədbir olub.
Universitetin Tədris işləri üzrə prorektoru professor Zaur Bağırov İspaniya Rektorlar Konfransının yaranması, ali təhsil sistemində rolu, fəaliyyət istiqamətləri, inkluziv təhsil, ölkə ali təhsil sistemində dayanıqlı inkişafın tətbiqi, tələbə və məzunlarla görüləcək işlər və s. məsələlərlə bərabər, Fransa, Polşa, Litva təcrübəsindən də bəhs edib. Tədbir iştirakçılarının suallarını cavablandırıb.
Madrid şəhərində baş tutan tədbirdə Milli Məclisin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və müvafiq məsul şəxsləri iştirak ediblər.
Z.HÜSEYNOVA
XQ