Türkiyə diplomatiyasının 500 illiyi mövzusunda konfrans keçirilib

post-img

Oktyabrın 16-da AMEA Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmər Akademiyası və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "500 illik uğurlu diplomatiya: keçmişdən bu günə Türk Xarici İşlər Təşkilatı” mövzusunda elmi konfans və fotosərgi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, bir sıra diplomatik qonaqlar, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfrans qardaş Türkiyə Cümhuriyyətinin, onun diplomatiyasının keçdiyi inkişaf yolunu xalqımıza daha da dərindən tanıtmağa xidmət edir.

Türk Xarici İşlər Təşkilatının hələ 500 il bundan öncə başlayaraq ölkənin xarici siyasətinin möhkəm təməllər üzərində atılması istiqamətində önəmli qərarlar qəbul etdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, məhz bunun nəticəsində qardaş Türkiyə bu gün dünyada söz sahibi olan, beynəlxalq arena üçün həlli vacib məsələləri həll edən ölkəyə çevrilib.

Akademik İsa Həbibbəyli qardaş dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 85 milyonluq türk xalqının Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyi xatırladıb və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağını ucaltması isə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bildirib. Qeyd edib ki, həmin əlamətdar gün Azərbaycan tarixində həm Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi, həm də Xankəndində, Xocalıda Azərbaycan bayrağının dalğalanması kimi əbədi yerini aldı.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı tədbirin Birinci Türkoloji Qurultayın keçirildiyi bu salonda baş tutmasının tarixi əhəmiyyəti olduğunu deyib və yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda Azərbaycan bayrağının ucaldılması münasibətilə xalqımızı təbrik edən səfir Cahid Bağcı bu tarixi hadisəni bütün Türk dünyasının həsrətlə gözlədiyini söyləyib və qeyd edib ki, Xankəndidə və Xocalıda yüksəldilən Azərbaycan bayrağı heç vaxt enməyəcək.

Sonra Tarix elmləri doktoru Telman Nüsrətoğlu, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə konfransın mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər. Konfrans panel iclasları ilə davam edib.

Anar Əli

XQ





Elm