Xankəndidə ucaldılan bayraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası deməkdir. İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə üçrəngli bayrağımız qədim torpaqlarımızda göylərə qaldırıldı.
Müzəffər Ali Baş Komandanımız 20 il öncə ilk dəfə Prezident seçilən zaman müəyyənləşdirdiyi hədəfləri reallaşdırdı: artıq Azərbaycan öz tarixi ərazilərində suverenliyini tam bərpa edib. Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu zəfər həmçinin Azərbaycan üçün iqtisadi məna da kəsb edir: “Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhvə verəcək. İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir. Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidənqurma ilə yanaşı, islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu, ölkə tarixində yeni səhifənin açılması deməkdir”.
P.ƏFƏNDİ
XQ