Şuşa müasir geosiyasi cağırışların müzakirəsi üçün yeni mərkəz rolunda

post-img

Avrasiyanın üzləşdiyi risklər, təhdidlər və yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə ənənə halını alan müzakirələr davamlı xarakter daşıyır. Cari il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfrasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müxtəlif ölkələrdən elm adamları və siyasi ekspetlər iştirak ediblər. Bu tədbirin, zəngin tarixə və parlaq gələcəyə malik olan Şuşa şəhərində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İşğal zamanı şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidəsi, o cümlədən 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi vandalizm aktları nəticəsində dağıdılmışdır. 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına səbəb olan Şuşa qələbəsi, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Qələbə günü kimi daxil oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və fərmanları əsasında qələbədən dərhal sonra Qarabağ regionunda, o cümlədən Şuşada infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində operativliyin təmin edilməsinə böyük diqqət yetirilmişdir. Cənab Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşanın “Azərbaycanın Mədəniyyət Paytaxtı” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Şuşa tarixən Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub”.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə (1969-1982) Qarabağa böyük diqqət və qayğı göstərmiş, ermənilərin iddiaları həmişə puça çıxmışdır. Heydər Əliyevin mühüm fəaliyyətlərindən biri məhz Qarabağda milli ruhun oyanması idi. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü tədbirlər həyata keçirirdi. Əvvəla, Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını çox gözəl bilən ulu öndər, bu məsələyə çox həssas yanaşır, şəhərin inkişafına böyük diqqət yetirirdi. Ümummilli lider Şuşanı zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi hesab edirdi.

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada, şəhərin orijinal tarixi görkəminin bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Ölkəmizin mədəniyyət paytaxtında aparılan kompleks işlərin tərkib hissəsi olan Şuşa şəhərinin Baş planının qısa müddətdə hazırlanması, böyük şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin abidəsinin açılışı, eləcə də tarixi, dini və memarlıq abidələrinin bərpası möhtəşəm quruculuq prosesinin bir hissəsi olaraq bariz nümunədir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqif poeziya günlərinin keçirilməsi ənənəsinin dirçəldilməsi də Şuşanın sürətlə dirçəlişindən, əvvəlki dolğun mədəni həyatına qayıtmaq yolunda olmasından xəbər verir.

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, o cümlədən Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci ildönümü ilə əlaqədar, 2022-ci ili Azərbaycanda “Şuşa şəhəri ili” elan etmişdir.

Postmüharibə dövründə dövlətimiz inkişaf dövrünü yaşayır. Dünyadakı hazırkı gərgin vəziyyət planetimizin, demək olar ki, bütün regionlarına təsir edir. Dövlətlərin siyasi və iqtisadi maraqlarının toqquşması Cənubi Qafqazda da çətin vəziyyət yaradıb. Balanslaşdırılmış və sülhsevər siyasətə əsaslanan Azərbaycan bütün çətinliklərə baxmayaraq, ölkələrlə konstruktiv siyasət yeridir. Şuşada qonaqlarımızın suallarını cavablandıran cənab Prezident ölkəmizin və xalqımızın sülhə, firavanlığa, sağlam düşüncəyə, konstruktiv dialoqa sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Xüsusən də Ermənistanın sülh müqaviləsinin bağlanması ilə bağlı mövqeyinə toxundu: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar". Cənab Prezidentin geniş və konstruktiv çıxışının yalnız bir hissəsi olan bu sitat Azərbaycanın Ermənistana münasibətdə obyektiv mövqeyini göstərir, baxmayaraq ki, bu, ölkəmizin başçısının qeyd etdiyi kimi, ilk növbədə Ermənistan üçün vacibdir.

Dövlətimizin başçısı konfransdakı çıxışında nümunə sayılan Azərbaycan-Türkiyə münasibətlərinə, ölkələrimiz arasında münasibətlərin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsinə də toxundu və haqlı olaraq qeyd etdi ki, bu, tarixi hadisədir. Türkiyə və Azərbaycan liderlərinin siyasəti nəticəsində münasibətlər rəsmən müttəfiqlik zirvəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu birliyin qorunub saxlanacağına və möhkəmlənəcəyinə əminliyini ifadə edib. 

Müasir Azərbaycan, demək olar ki, bütün dünya ölkələri üçün xüsusi maraq kəsb edir. Azərbaycan müasir dünya düzəninə yalnız sülh, sabit inkişaf və sağlam əməkdaşlıq təklif edən ciddi aktordur. 2020-ci il Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası, qələbə ili - Zəfər ili olaraq qalacaqdır. Bu təntənənin əldə olunmasında ulu öndərin vəsiyyətlərini sədaqətlə həyata keçirən Ali Baş Komandan cənab İlham Əliyevin və qalib Azərbaycan ordusunun müstəsna xidmətləri var. Şuşa şəhərinin işğaldan azad edilməsi dünya azərbaycançılığı, bütün türk dünyası üçün xüsusi tarixi, siyasi və mənəvi əhəmiyyət kəsb edir. Bu gün xalqımız möhtərəm Prezidentimizlə, şanlı dövlətimizlə, zəngin keçmişimizlə və parlaq gələcəyimizlə fəxr edə bilər.

Masil DƏMİROV,

Beynəlxalq münasibətlər üzrə analitik

Elm