Baş direktor: Azərbaycanın regionda FAO ilə ən sıx əməkdaşlıq edən ölkələrdən biridir

post-img

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyuya təqdim edib.

AZƏRTAC xəbər verir ki, mərasimdən sonra aparılan müzakirələr zamanı Q.Donqyu Azərbaycanın regionda FAO ilə ən sıx əməkdaşlıq edən ölkələrdən olduğunu vurğulayaraq, təşkilata verdiyi dəstəyə və faydalı əməkdaşlığa görə ölkəmizə təşəkkürünü bildirib. Həmçinin ötən ilin mayında Bakıda rəqəmsal kənd təsərrüfatı mövzusunda keçirilmiş konfransda iştirakını xatırladan Baş direktor səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizdə aqrar sahəyə ölkə rəhbəri səviyyəsində yüksək qayğı göstərildiyinin şahidi olduğunu dilə gətirib. Azərbaycanın kənd təsərrüfatında innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı qabaqcıl təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə olduğuna toxunan Q.Donqyu məhz bu səbəbdən rəqəmsal kənd təsərrüfatı ilə bağlı FAO-nun ilk beynəlxalq konfransının ötən il Bakıda keçirildiyini vurğulayıb.

R.Aslanov öz növbəsində Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT-nin ixtisaslaşmış institutları ilə sıx əməkdaşlıq etdiyini və bu baxımdan böyük aqrar potensiala malik ölkəmiz üçün FAO-nun xüsusi əhəmiyyətə malik olduğunu deyib. R.Aslanov kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan danışıb, qarşıya qoyulan hədəflərə nail olmaq üçün görülən işlərdə FAO ilə əməkdaşlığın perspektivlərini vurğulayıb. Səfir ərzaq təhlükəsizliyinin əhəmiyyətinin daha da artdığı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatı infrastrukturunun tamamilə dağıdılması, ərazilərin minalarla çirklənməsinin humanitar fəlakətə səbəb olması barədə məlumat verib, Azərbaycanın həmin ərazilərin kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirilməsi və əhalinin kənd yerlərinə köçürülməsində FAO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bu xüsusda bərpa proseslərinə Azərbaycanın özünəməxsus yanaşması, “ağıllı kənd” konsepsiyası və Ağalı kəndi barədə söhbət açan R.Aslanov FAO-nun “1000 ağıllı kənd” təşəbbüsü çərçivəsində gələcək əməkdaşlıq imkanlarından danışıb.

Diplomat sonda qarşıdakı illərdə FAO ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Q.Donqyu öz növbəsində müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı, aqrobiznes komplekslərinin və akvakulturanın inkişaf etdirilməsi üçün böyük potensiala malik Azərbaycanın FAO-nun tam dəstəyinə arxalana biləcəyini diqqətə çatdırıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Siyasət