Xəzər dənizi ekoloji fəlakət astanasında

post-img

Qazaxıstan prezidenti  Kasım-Jomart Tokayev Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində suyun səviyyəsinin azalmasının qeydə alındığı Xəzər dənizi ilə bağlı vəziyyətin hazırda ekoloji fəlakətə yaxın olduğunu bildirib. O, problemin adı çəkilən təşkilat çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritetliyini də diqqətə çatdıraraq əvvəllər Qazaxıstanın paytaxtında ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif etdiyini xatırladıb: “Bu yaxınlarda BMT-nin Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzinin açılışı olub. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir. Fürsətdən istifadə edərək, mən bütün tərəfdaşları BMT-nin tərəfdaşlığı ilə 2026-cı ilin aprelində Astanada Regional Ətraf Mühit Sammitinin keçirilməsi qərarı barədə məlumatlandırıram”.

Qazaxıstan Prezidentinin xatırlatdığı kimi, ölkəsi əvvəllər də ŞƏT çərçivəsində Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif etmişdi. Bu təşəbbüs təsadüfi deyil. Çünki son onilliklərdə Mərkəzi Asiya və Xəzəryanı regionda su resurslarının idarə olunması strateji sabitlik üçün əsas amillərdən biri hesab edilib. Eyni zamanda, Qazaxıstanın Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzinin açılışına ev sahibliyi etməsi, eləcə də 2026-cı ilin aprelində Astanada Regional Ətraf Mühit Sammitinin keçirilməsi barədə qərar imzalanması bu ölkənin çoxtərəfli diplomatiya və qlobal ekoloji əməkdaşlıq xəttinə sadiqliyinin göstərib.

Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yeni bir hal deyil, lakin son illərdə proses sürətlənərək fəlakət miqyası almağa başlayıb. İqlim dəyişikliyi, bölgədəki çay axınlarının azalması, antropogen təsirlər və qeyri – dayanıqlı iqtisadi fəaliyyətlər bu prosesin əsas səbəbləri kimi göstərilib. Dənizə tökülən ən iri su mənbəyi olan Volqa üzərində çoxsaylı hidrotexniki qurğuların tikilməsi və axının tənzimlənməsi isə təbii dövretməni pozub.  

Yeri gəlmişkən, peyk müşahidələrinə əsasən, 1996 – 2021-ci illər ərzində Xəzərin səviyyəsi, təxminən, 1,5 metr azalıb. Azalma 2005-dən sonra daha da kəskinləşib və  bu ilin yayında səviyyə tarixi minimuma yaxınlaşıb, dəniz səviyyəsindən 29 metrdən də aşağı bir göstərici qeydə alınıb. Ən sürətli geriləmə şimal hövzəsində (Rusiya–Qazaxıstan sahilləri) müşahidə edilib. Son tədqiqatlarda isə səviyyə enməsinin başlıca hərəkətverici qüvvəsinin buxarlanmanın (hava temperaturunun yüksəlməsi) çoxalması olduğu vurğulanıb.  

Xatırladaq ki, Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalması bütün sahilyanı dövlətlərə təsir edir. Belə bir şərait – suyun səviyyəsinin aşağı düşməsi Rusiyanın 3 regionunda bir anda sahil xətti zolağında dəyişikliyi şərtləndirir. Həştərxan vilayətinin Volqa deltasında dəyişikliklərin baş verməsi, yeni adalar yaranması,   Kalmıkiyada bir sıra adaların yarımadaya çevrilməsi, Dağıstanda dəniz sahillərinin bir neçə kilometr geri çəkilməsi, Aqraxan körfəzinin demək olar ki, yox olması vurğulanan fikrin bariz ifadəsidir. 

Qazaxıstan da bu böhrandan kənarda deyil. Xəzər dənizi bu ölkənin ticarət donanması və beynəlxalq əlaqələri üçün yeganə dəniz qapısıdır. Dünya okeanına çıxışı olmayan Qazaxıstan üçün Xəzərin dayazlaşması yalnız ekoloji deyil, həm də iqtisadi və geosiyasi risklər yaradır. Dəniz limanlarının fəaliyyətinə təsir, nəqliyyat dəhlizlərinin dayanıqlığına zərbə və balıqçılıq təsərrüfatının itkiləri ölkənin milli maraqları baxımından ciddi problemlər kimi narahatlıq doğurur.  

Xəzər dənizi dünyanın ən unikal qapalı su hövzələrindən biridir. Burada yaşayan canlıların böyük bir hissəsi endemikdir, yəni yalnız Xəzərdə mövcuddur. Məsələn, nərə cinsli balıqlar dənizin biomüxtəliflik  simvoludur. Suyun səviyyəsinin azalması dəniz canlılarının təbii yaşayış yerlərinin daralmasına, çoxalma şəraitinin pozulmasına və nəticədə populyasiyanın azalmasına gətirib çıxarır. Əlavə olaraq, dayazlaşma suyun duzluluq balansını dəyişdirir. Bu da həm balıqların, həm də digər su canlılarının yaşam tərzinə təsir edir. Ətraf mühit mütəxəssisləri xəbərdarlıq edirlər ki, əgər prosesin qarşısı alınmazsa, yaxın onilliklərdə Xəzərdə ciddi ekoloji kollaps baş verə bilər.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi illərlə sahilyanı dövlətlər arasında əsas müzakirə mövzularından biri olub. 2018-ci ildə imzalanan müvafiq konvensiya müəyyən məsələlərdə tərəflərin mövqelərini uzlaşdırsa da, ekoloji problemlərin həlli istiqamətində ortaq mexanizmlərin yaradılması hələ də tam reallaşmayıb. Halbuki suyun səviyyəsinin azalması kimi transsərhəd bir problemə yalnız birgə tədbirlər vasitəsilə cavab vermək mümkündür.

Bu baxımdan Kasım-Jomart Tokayevin səsləndirdiyi təşəbbüslər regional ekoloji diplomatiyanın yeni mərhələyə keçməsi üçün əlvrişli fürsət yaradır. ŞƏT çərçivəsində Su Problemlərinin Təhlili Mərkəzinin yaradılması ideyası isə yalnız Qazaxıstanın deyil, bütün sahilyanı dövlətlərin maraqlarına xidmət edir. Belə bir mərkəz elmi – tədqiqatların koordinasiyası, məlumat mübadiləsi və ortaq strateji planların hazırlanması üçün əlverişli platforma ola bilər.

Azərbaycan da Xəzərin dayazlaşması ilə bağlı proseslərdən kənarda deyil. Dənizin şimal hissəsində gedən dəyişikliklər orta və cənub hissələrə də öz təsirini göstərir.   Respublikamızın balıqçılıq təsərrüfatı, ekoturizm potensialı və nəqliyyat – logistika layihələri birbaşa Xəzərin ekoloji dayanıqlığından asılıdır. Xüsusən də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsinin uğurlu inkişafı dənizin səviyyəsinin sabit saxlanılmasını zəruri edir.

Bundan başqa, Xəzərin dayazlaşması regionun enerji layihələrinə də dolayı təsir göstərir. Su səviyyəsinin dəyişməsi bəzi infrastrukturun istismarına çətinliklər yarada, ekoloji balansın pozulması isə sahilyanı enerji obyektləri üçün risklər formalaşdıra bilər. Bu səbəbdən, Azərbaycan ekoloji məsələlərin regional əməkdaşlıq gündəliyinin prioritetləşdirilməsində maraqlı tərəf kimi çıxış edir.

Beləliklə, Xəzər dənizində suyun səviyyəsinin azalması artıq lokal problem çərçivəsindən çıxaraq bütün regionun təhlükəsizliyi və dayanıqlı inkişafı üçün strateji çağırışa çevrilib. Qazaxıstan Prezidentinin səsləndirdiyi narahatlıqlar, BMT və ŞƏT çərçivəsində təşəbbüsləri bu məsələnin beynəlxalq əməkdaşlıq müstəvisində daha fəal müzakirə olunmasının zəruriliyini diqqətə çatdırır.  

V.BAYRAMOV
XQ

 



Ekologiya