BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Azərbaycan mediasına müsahibəsində “İqlim dəyişikliyi ilə mübarizə səylərində inkişaf etməkdə olan ölkələrin rolunu necə qiymətləndirirsiniz və onlara hansı dəstək tədbirləri lazımdır?” sualını belə cavablandırıb: “İnkişaf etməkdə olan dövlətlər iqlim böhranında ən az paya malik olan, lakin onun təsirlərindən ən çox əziyyət çəkən ölkələrdir. Bu səbəbdən onların qlobal böhrana ən çox töhfə verən və haqqında danışılan məsələdə məsuliyyət daşıyan inkişaf etmiş, sənayeləşmiş ölkələri bu istiqamətdə hərəkətə gətirmək üçün təsir göstərməyə mənəvi haqqı var. Həmçinin düzgün dəstək nəticəsində onlar yerli səviyyədə uyğunlaşma və dayanıqlığın yaradılması istiqamətində reallaşdırıla biləcək tədbirlərə liderlik edə bilərlər”.
S.Stil müsahibədə hazırda istixana qazı emissiyalarının azaldılmasında və iqlim dəyişikliyinə uyğunlaşmada problemə çevrilən maneələrdən də bəhs edib. İnkişaf etməkdə olan ölkələrə vəd olunan vəsaitlərin çatışmazlığından narahatlığını bildirib və bu problemin həlli yolları ilə bağlı fikirlərini diqqətə çatdırıb. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli prinsiplərin mövcudluğunu, maliyyə və texniki çətinliklərin aradan qaldırılmasının mümkünlüyünü, lakin bu yolda siyasi iradənin çatışmadığını təəssüflə xatırladıb.
İcraçı katib, eyni zamanda, bu il hazırlanan və gələn il Braziliyada təqdim ediləcək yeni iqlim planlarının ölkələrin milli səviyyədə öhdəliklərini müəyyənləşdirəcəyinə, nəticədə emissiyaların 2030-cu ilə kimi yarıyadək, 2035-ci ilədək isə 60 faizə qədər azaldıla biləcəyinə əminliyini vurğulayıb.
S.Stil müsahibənin sonunda “Azərbaycan da Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkəsidir və COP konfransına sədrlik edir. Neft ölkələrinin COP-a sədrlik etməsinin, sizcə, nə kimi müsbət tərəfləri var?” sualını belə cavablandırıb: “Dubayda əldə edilən qəti nəticə neft və qazdan, qalıq yanacaqlardan imtinanın vacibliyini göstərir. Bu, iqlim böhranından yaranan təsirlərlə mübarizədə əsas diqqət edilməli məqamdır. Neft, qaz və kömür istehsal edən dövlətlər qalıq yanacaqdan uzaqlaşmanın əhəmiyyətini və bunun emissiyaların azaldılmasına təsirlərini göstərməkdə lider ola bilər”.
Göründüyü kimi, bu gün bütün dünya zəlzələlər, torpaq sürüşmələri, daşqınlar, qasırğa və digər təbii fəlakətlərlə üz-üzədir. Təbii ki, bütün bunların ilkin səbəbi planetimizin qeyri-humanist münasibətlərin real hədəfinə çevrilməsidir. Bir çox mənfi amillər də dünyanın ekosisteminə ziyan vurmaqdadır. Yaşadığımız elmi-texniki inqilab əsrində əhalinin sürətlə artması, yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərir. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əhalinin təbiətdən asılılığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asanlaşdırırsa, digər tərəfdən bu nailiyyətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır.
XQ