Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib ki, yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır.
Bu prioritetlərə nail olunması isə respublikamızda “yaşıl” iqtisadiyyat məsələsini aktuallaşdırıb. Bu baxımdan 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən iqlim konfransında (COP26) Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğalçıdan təmizlənən ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bildirib.
Qarabağın dirçəldilməsi istiqamətində “yaşıl” enerji zonası, “yaşıl” kənd təsərrüfatı, “yaşıl” nəqliyyat, həmçinin “ağıllı” şəhər və kəndlərin salınması yanaşmalarının tətbiqi, minlərlə hektar sahədə meşələrin bərpası burada 2050-ci ilə qədər “netto sıfır emissiya” hədəfinə çatmaqda böyük rol oynayacaq.
Muxtar Babayevin fikrincə, qloballaşan dünyada insanların rifah səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində davamlılığın təmin olunması üçün iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir. Məhz iqtisadi ədəbiyyatda bu aspektlərə vahid yanaşmanı təmin edən konsepsiya “yaşıl” iqtisadiyyat adlanır. “Yaşıl” iqtisadiyyat anlayışı, ilk növbədə, ekoloji iqtisadiyyat istiqaməti ilə birbaşa əlaqədədir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında həllini tapmayan, kiçik bir təbiət hadisəsi kimi izah olunan çətinliklər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilir.