Su böhranı ərzaq təhlükəsizliyini təhdid edir

post-img

Niderlandın su məsələləri üzrə xüsusi elçisi Meike Van Ginneken COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə Qlobal Su İqtisadiyyatı Komissiyasının hesablamalarına əsaslanaraq bu gün su böhranının dünya ərzaq istehsalını təhlükə ilə üzləşdirdiyini, belə vəziyyətin isə 2050-ci ilə qədər ölkələrin ÜDM-lərində 8 faizdən 15 faizə qədər itkiyə səbəb olacağının proqnozlaşdırıldığını bildirib.

M.Ginnekenin sözlərinə görə, Bakı Bəyannaməsi suyun qlobal iqlim gündəminə daxil edilməsi istiqamətində irəliyə atılan mühüm bir addımdır. Bu prosesi sürətləndirmək artıq beynəlxalq aləmin üzərinə düşən önəmli bir vəzifədir: “Su iqlim dəyişikliyinin təsirlərini göstərən bir vasitə olmaqla yanaşı, həm də bu problemin həllində əsas rol oynayır. Daşqınlar evləri su altında qoyur, duzlu yeraltı sular məhsulları məhv edir, yağışların gecikməsi isə aclıq yaradır. Ona görə də su ilə bağlı fəaliyyət diqqətdə saxlanılmalıdır və bu istiqamətdə ciddi layihələr gerçəkləşdirilməlidir”.

O, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün su idarəçiliyinə böyük sərmayələrin yatırıldığını vurğulayıb. Eyni zamanda, ölkələrin nizamsız yağıntılar, dəniz səviyyəsinin artması və duzlu su basqınları kimi risklərə qarşı innovativ texnologiyalar tətbiq etdiyini, bataqlıqları, gölləri və çayları qorumağa üstünlük verdiyini bildirib.

Niderland nümayəndəsi diqqətə çatdırıb ki, su və torpaq resursları məkan planlaşdırma qərarlarında əsas prinsip olaraq qəbul edilməlidir. Hətta rütubətli bir ölkədə belə daha uzun quraqlıq dövrlərinə hazırlıqlar görülməlidir. Buna görə də su idarəçiliyində innovativ həllərə xüsusi diqqət yetirilməlidir.

Niderlandın xüsusi elçisi sektorlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Su yalnız bir sektor deyil. Su resurslarının idarə olunmasında kənd təsərrüfatı, şəhərlər və məkan planlaşdırması kimi sahələrdə birgə işləməliyik. Niderland öz bilik və təcrübəsini paylaşmağa və qlobal səviyyədə su təhlükəsizliyinə nail olmaq üçün əməkdaşlığa hazırdır”.

Ekologiya