Millətlər Birliyi Təşkilatının baş katibi Patrisia Canet Skotland COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim dəyişmələri şəraitində kiçik ada dövlətləri və icmaların ekosistemləri” adlı panel sessiyada inkişaf etməkdə olan əksər kiçik ada dövlətlərinin geoməkan məlumatlarına çıxışı olmadığını bildirib.
O açıqlamasında deyib: “İqlim dəyişikliyi ilə mübarizədə xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə kömək etmək üçün birlikdə çalışmalıyıq. Bu istiqamətdə ən son sənəd Millətlər Birliyi Təşkilatının Katibliyi ilə “Azərkosmos” arasında imzalanıb. Bu da bizə “Azərkosmos”un geoməkan məlumatlarından istifadə etməyə imkan verir”. P.Skotland bildirib ki, bu bilik mübadiləsi həllərin tapılmasına kömək edir, çünki əksər kiçik ada dövlətlərinin geoməkan məlumatlarına çıxışı yoxdur. Hətta bu məlumatlara çıxışları olduğu halda belə, çox vaxt onlara kömək edəcək yerli mütəxəssislər çatışmır.
Onun sözlərinə görə, Millətlər Birliyi Təşkilatına üzv olan 25 ada dövlətindən azı 23-ü təbiət əsaslı dəniz səddinə ehtiyac duyur. İndi həmin ada dövlətlərində geoməkan məlumatları və süni intellekt simulyatoru var. Üstəlik, müəyyən maliyyələşmə ilə bağlı COP29-un lazımi resursları təmin edəcəyinə böyük ümid bəslənilir.
“Azərkosmos”un nümayəndəsi Murad Camalov isə təmsil etdiyi qurumun iqlim dəyişikliklərinin aşkarlanması və ya hər hansı fövqəladə vəziyyətdə kömək üçün istənilən kiçik ada dövlətinin geoməkanını təhlil etməyə hazır olduğunu bildirib.
M.Camalov qeyd edib ki, Qafqazda, xüsusilə Azərbaycanda layihə üzərində işləyərkən buludlarla bağlı heç bir problem olmayıb. Lakin kiçik ada ölkələrinə yaxınlaşdığımız zaman bulud örtüyü səbəbindən görüntülərdə problem yaranırdı. Ancaq süni intellekt və “Cloud” hesablama kimi qabaqcıl texnologiyaların köməyi ilə məkan məlumatlarını asanlıqla tapa bildik. Əvvəlcə çox çətin idi, amma məkan məlumatlarını təhlil etmək üçün çox yaxşı vasitələr və fantastik komanda var.
O bildirib ki, məkan məlumatları, xüsusilə peyk monitorinqi olmadan, çox qısa müddətdə fövqəladə vəziyyətləri təhlil etmək mümkün deyil. Məsələn, 6 ay ərzində Papua-Yeni Qvineyanın bütün meşə ərazilərini təhlil etdik. Həmin zaman məsafəsi bu əraziləri təhlil etmək üçün çox yaxşı müddətdir: “İndi “Azərkosmos” və komandamız iqlim dəyişikliklərin aşkarlanması və ya hər hansı fövqəladə vəziyyətdə kömək üçün istənilən kiçik ada dövlətinin geoməkanını təhlil etməyə hazırdır. Biz aclıq, daşqın təhlükələri və ya digər təhlükəli məsələlər kimi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı problemləri həll etməyi hədəfləyirik”.