Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyası və UN-HABİTAT-ın təşkilatçılığı ilə keçirilən dəyirmi masada şəhər nəqliyyatının yaşıllaşdırılması məsələləri müzakirə olunub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanda şəhər nəqliyyatının optimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, paytaxt Bakının ictimai nəqliyyatının səmərəli fəaliyyətini təmin etmək üçün sərnişin daşıyan avtobuslar, velosiped və skuterlər üçün xüsusi yollar salınıb, ictimai nəqliyyatda daha çox elektrik enerjisi ilə işləyən avtobuslar istismara buraxılıb. Karbonsuzlaşdırma istiqamətində Bakı şəhər rəhbərliyi ilə birlikdə atılan addımlardan biri də dizel yanacağından istifadənin azaldılması ilə bağlı olduğunu diqqətə çatdıran nazir dizel yanacağı ilə çalışan avtobusların tədricən istismardan çıxarılaraq elektrobuslarla əvəz edildiyini bildirib.
R.Nəbiyev diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə paytaxtda və regionlardakı şəhərlərdə nəqliyyat vasitələrinin də sayı artır ki, bu da karbon emissiyasının artmasına səbəb olur. “Bu problemin aradan qaldırılması istiqamətində hökumət elektromobilləri təşviq edir, onların ölkəyə gətirilməsi üçün gömrük rüsumunu aradan qaldırıb. Şəhərsalma istiqamətində aparılan işlər zamanı beynəlxalq təcrübə nəzərə alınır və mühərriksiz nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün infrastruktur yaradılır”, – deyə nazir əlavə edib.
UN-HABİTAT-ın baş direktoru Anaklondiya Rossboç isə çıxışında diqqəti dünyada baş verən urbanizasiya proseslərinin şəhərlərin böyüməsinə və insanlarla yanaşı, sənaye müəssisələrinin, avtomobillərin də artmasına səbəb olduğuna yönəldib. Bu amilin karbon emissiyasının artmasına, atmosferə digər zəhərli qazların tullanmasına gətirib çıxardığın vurğulayan baş direktor problemlərin həlli məqsədilə müasir şəhərsalmada mühərriksiz nəqliyyat vasitələri üçün infrastrukturlar yaradılmasının, onların sərbəst hərəkətinin təmin olunmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, “yaşıl” şəhərlərin salınması aktuallıq kəsb etdiyindən istənilən böyük şəhərdə yaşıllıq ərazi daha çox olmalıdır. Onun fikrincə, bu kimi tədbirlər COP-un başlıca məqsədi olan sıfır emissiyaya nail olmaq üçün əsas amillərdir.
Sonra IFT-in, Avropa Komissiyasının, Asiya İnkişaf Bankının nümayəndələri, Türkiyənin, Qazaxıstanın, Pakistanın nəqliyyat nazirləri, Kanada, Almaniya, İtaliya, Qvatemala, Mozambik, Keniya, Burundi və digər dövlətlərin müvafiq strukturlarının nümayəndələri öz təcrübələrindən danışıblar. Qeyd olunub ki, müasir şəhərsalmada əsas prinsip yaşıllaşdırmadan ibarət olmalıdır. Yeni şəhərləri nəqliyyatsız təsəvvür etmək mümkün deyil, lakin daha çox elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitələrinə üstünlük vermək lazımdır.