“Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə”

post-img

COP29-un Mavi Zonasında “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Aqro-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər” mövzusunda panel müzakirələr keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, indiyədək iqlim dəyişikliyi və mübarizə tədbirləri ilə bağlı irəli sürülən müxtəlif təşəbbüslərdən bəziləri regional maraq və siyasətlərə uyğunlaşdırılıb. Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı koordinasiyalı fəaliyyət üçün hökumətlərarası mexanizmlərin yaradılması və gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının bütün dünyada olduğu kimi Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin aqro-ərzaq sistemlərinə mənfi təsir etdiyini deyən nazirdeyib ki, bu tədbir çərçivəsində elan ediləcək iqlimə davamlı kəndlər üzrə forumun yaradılması təşəbbüsü ölkələrimizin kənd yerlərinin inkişafı siyasətinə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq.

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladaraq bu ərazilərdə kənd yerlərinin inkişafı üçün ağıllı şəhər və ağıllı kənd konsepsiyasından istifadə edildiyini diqqətə çatdıraraq bütün tərəfdaş dövlətlərin müəssisələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmağa çağırıb.

TDT baş katibinin müavini Sədi Cəfərov təşkilata üzv ölkələrin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. 

Qırğızıstanın su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini Mirbek Duyşeyevisə çıxışında ölkəsinin quraqlıqdan əziyyət çəkdiyini, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə mənfi təsirlərinin artığını qeyd edib. O, iqlim fəaliyyətinin daha da gücləndirilməsini nəzərdə tutan təşəbbüsləri dəstəklədiklərini və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.  

Tədbir çərçivəsində “İqlimə Davamlı Kəndlər Forumunun yaradılması barədə” birgə bəyanat imzalanıb. Sənəd kənd yerlərinin inkişafı, ağıllı kənd təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri ilə bağlı ən yaxşı təcrübələri bölüşülməsi, iqlim uyğunlaşması, regionların üzləşdiyi çətinliklərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı mütəmadi təcrübə mübadiləsinin aparılmasını, iqlim-ağıllı kənd təsərrüfatı, davamlı torpaq idarəçiliyi, suyun mühafizəsi, bərpa olunan enerjinin qəbulu, fəlakət riskinin azaldılması ilə bağlı strategiyaların hazırlanmasını nəzərdə tutur.

Panel müzakirədə çıxış edən yerli və xarici mütəxəssislər iqlimə davamlı aqro-ərzaq sistemlərinin qurulması, aqro-ərzaq sisteminin transformasiyası, qlobal iqlim fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, iqlim dəyişikliyi ilə bağlı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılıb.

XQ

 

Ekologiya