COP29-da Bakının Baş planının icrasına həsr olunmuş konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov planın əsas məqsədləri və nailiyyətləri barədə məlumat verib.
R.Qasımov paytaxtın Baş planının qlobal şəhərsalma problemləri nəzərə alınaraq ətraf mühitə mənfi təsirlərin azaldılması, enerji səmərəliliyinin təmin olunması, habelə “yaşıl” infrastrukturun inkişaf etdirilməsi istiqamətində hazırlandığını diqqətə çatdırıb. Baş planın icrasının uğurlu nəticələrindən danışan R.Qasımov görülən işlərin nəticəsində dayanıqlı inkişafa zəmin yaradıldığını, sakinlərin həyat keyfiyyətinin yüksəldiyini, şəhər mühitinin daha inklüziv və əlçatan olduğunu vurğulayıb.
Sonda Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyəti və BMT-nin Məskunlaşma Proqramının nümayəndələrinin iştirak etdikləri müzakirələrdə beynəlxalq mütəxəssislər Bakının Baş planının müasir şəhərlərin qlobal çağırışlara uyğunlaşmasını göstərən və təbii resurslardan səmərəli yararlanmaqla paytaxtımızın dinamik inkişafını gerçəkləşdirən bir sənəd olduğunu bildiriblər.
XQ