Hərtərəfli insan inkişafı ilk dəfə COP-da gündəmə gətirildi

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 konfransı çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirak edib. Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşündə gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə iştirakından, onlara verilən dəyərdən söz açıblar.  

Gənclərin iqlim dəyişikliyi, dayanıqlı inkişaf və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rolunu vurğulayan komitə sədri deyib ki, Azərbaycan hökumətinin apardığı siyasətin özəyində məhz gənclər dayanır. Dayanıqlı enerjiyə keçiddə gənclər maraqlı tərəf və dəyişikliklərin hərəkətverici qüvvəsi kimi mühüm rol oynayırlar. Qeyd olunan məsələyə Azərbaycanda xüsusi diqqət yetirildiyinə diqqət çəkən sədr Füzuli rayonunda COP29 çərçivəsində imzalanan müqaviləyə əsasən 500 hektara yaxın ərazidə yeni günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı qərar qəbul edildiyini deyib. 

Professor Maykl Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib.  Rəhbərlik etdiyi Sosial İnkişaf Mərkəzinin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib, enerji keçidinin dünyada mütləq olaraq paralel şəkildə insan inkişafı prosesi ilə birgə aparılması və bu prosesdə gənc nəslin hərtərəfli iştirakı haqqında mülahizələrini bildirib. 

Həmin gün Bahar Muradova BMT-nin Uşaq Fondunun təşkilatçılığı ilə keçirilən “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli “dəyirmi masa”da iştirak edib. İlk dəfə olaraq, uşaqlara və gənclərə xüsusi diqqət yetirilərək, iqlim tədbirləri çərçivəsində hərtərəfli insan inkişafının COP gündəminə gətirildiyini vurğulayıb:  “İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır. İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunur. Buna görə də, uşaqlarımızın hərtərəfli dəstəklənməsi vacibdir.”

O bildirib ki, iqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. İqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir və bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır. Bahar Muradova hər kəsi bu vacib missiyada daha aktiv rol oynamağa və yaşıl dünya üçün həmrəyliyə çağırıb. 

Komitə sədri İCESCO-nun təşkilatçılığı ilə “İqlim dayanıqlılığı və sülh quruculuğunda gənclərin liderliyi” mövzusunda keçirilən tədbirdə də çıxış edib. Bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakınım genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınması vacibdir. Gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir. “Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər.”  

Bahar Muradova və İCESCO-nun baş direktoru Salim M. Əl Malik arasında niyyət protokolu imzalanıb. Tərəflər arasında imzalanan protokolda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi; həmin istiqamətlərdə müxtəlif seminar, təlim, konfrans və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub. 

Zərifə BƏŞİRQIZI 
XQ

 

Ekologiya