BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), nəhayət, start götürdü. Dünyanın 198 ölkəsindən gələn qonaqlar hər bir insanı narahat edən problemi müzakirə etmək üçün konfransın keçirildiyi Bakı Olimpiya Stadionunda bir araya gəlmişdilər. İclas salonlarında, stadionun qarşısında da iqlim problemləri barədə danışılır, “yaşıl” dünyamızın qorunmasına çağırışlar edilirdi. Stadionun qarşısında plankart açan bir qrup da COP29-a gələnləri inandırmağa çalışırdı ki, sağlam gələcəyimiz hər birimizin əlindədir, sadəcə, ilk addımı atmağı bacarmaq lazımdır. Səhər saatlarından ayaqüstə dayanıb plakatı əllərindən buraxmayan qrupun veqan tərəfdarları olduqlarını öyrəndik. Azərbaycan mediasını təmsil etdiyimizi bildikdə qrup üzvləri mövzu ətrafında daha həvəslə danışmağa başladılar.
Amerikadan gəldiyini deyən Suzan Berney bizimlə söhbətində bildirdi ki, stadiona girişin qarşısında belə plakat açmaqda məqsəd dünyanın diqqətini ət məhsullarının istehlakının iqlim dəyişikliyinə göstərdiyi təsirə yönəltməkdən ibarətdir. “Ferma” sözünü eşidəndə ağlınıza nə gəlir? Əksər insanların gözləri önündə gözək bir mənzərə yaranır: qoyunlar və keçilər yaşıl çəmənlikdə qaçır, kiçik bir inək sürüsü kənd evlərinin fonunda dinc şəkildə ot yeyir və toyuq-cücə səsi ətrafa yayılır. Elədirmi?”, – xanım Berney sözünü birdən kəsib məndən soruşdu. Başımı dinməzcə yuxarı-aşağı aparmaqla cavab verdim. “Amma bu ideal mənzərənin arxasında tam başqa reallıq dayanır: ət və süd məhsulları istehsalı iqlim dəyişikliyinə kömək edir, planetin resurslarını tükəndirir və heyvanlar da qısa ömürlərini dar qəfəslərdə keçirirlər”, – deyən amerikalı qonaq dünyanın bu problemə diqqət yetirməsinin vacib olduğunu bildirdi.
Xanım Berneyin dediklərində həqiqət payı çoxdur. Reallıq ondan ibarətdir ki, dünyada ət məhsullarına tələbat artmaqda davam edir və bu da öz növbəsində təsərrüfatların sayını artırır. Son əlli ildə kənd təsərrüfatı heyvanlarının sayının dörd dəfə artdığı bildirilir və 2050-ci ilə qədər ət istehlakı daha 76 faiz arta bilər. Ekoloqlar iddia edirlər ki, bu gün milyardlarla heyvanın saxlanması ətraf mühitə ciddi ziyan vurur. Heyvanları yerləşdirmək, bəsləmək və kəsmək üçün çox miqdarda şirin sudan istifadə olunur. Hesablamara görə, heyvandarlıq bütün dünyada şirin su istehlakının demək olar ki, 20 faizini təşkil edir. Bunun çox hissəsi taxıl becərilməsinə gedir, sonra isə mal-qaraya verilir.
Heyvandarlıq səbəbindən meşələr, çəmənliklər və savannalar əziyyət çəkir: onların yerində heyvandarlıq üçün yeni torpaqlar becərilir, bu da sonradan meşələrin qırılmasına səbəb olur. Hazırda heyvanlar üçün yem yetişdirmək üçün istifadə edilən otlaqlar, fermalar və torpaqlar ümumi torpaq sahəsinin 27 faizini təşkil edir. Bu, Şimali və Cənubi Amerikanın ərazisinə bərabərdir. Bundan əlavə, heyvandarlıq torpağın məhvinə, kimyəvi maddələrlə çirklənməsinə və “ölü zonaların” yaranmasına səbəb olur. Yer üzündəki heyvanların əksəriyyəti kənd təsərrüfatı heyvanlarıdır və onların çoxluğuna görə biomüxtəliflik azalır.
Problem tək ev heyvanlarının saxlanılması və sonrakı ət emalı proseslərilə yekunlaşmır. Hesablamalara görə, bir inək hər gün atmosferə 500 litrə qədər metan buraxa bilər. Məlumdur ki, metan kənd təsərrüfatında əsas emissiya mənbəyidir, ardınca yem istehsalı, peyin istifadəsi, təsərrüfatların idarə edilməsi və bütün tədarük zəncirindən tullantılar gəlir. Əlbəttə, metan özü ətraf mühitə zərərsizdir. Bu, atmosferdə istiliyi saxlayan, planetin soyumasının qarşısını alan təbii qazdır. O, həmçinin istilik, yemək bişirmək və bəzi nəqliyyat vasitələri üçün yanacaq kimi istifadə olunur. Lakin insan fəaliyyəti artdıqca, metan emissiyaları artır və planetin temperaturu yüksəlir. Qlobal istiləşmə atmosferdə istixana qazlarının səviyyəsinin artması nəticəsində baş verir.
“Siz ət yeyirsiniz?”, – xanım Berney bir qədər mühakiməli tonda məndən soruşdu. Sanki məndən “yox” cavabını eşitmək istəyirdi. “Sağlam qidalanmağa çalışıram. Bacardığım qədər”, – deyərək problemin mahiyyətindən xəbərim olduğunu həmsöhbətimin diqqətinə çatdırdım. “Veqanlıq bir sağlamlıq fəlsəfəsidir, daha sərt pəhriz növüdür. Veqan bütün heyvan mənşəli məhsullardan imtina edən bir insandır: ət, balıq, süd məhsulları və yumurta yemir. O, yalnız bitki mənşəli məhsullarla qidalanır”, – amerikalı qonaq veqanlığın sağlamlıqdan başqa etik məsələ olduğunu da deməyi unutmadı.
Ətraflı məlumatlara görə təşəkkür etdim. Vidalaşarkən dedim ki, azərbaycanlının zəngin mətbəximizin dadlı təamlarından imtina etməsi çətin məsələdir, amma mövzu dünyamızdırsa, bu barədə düşünməyə dəyər.
Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ