İnkişaf etmiş ölkələrin iqlim maliyyəsinə verməli olduqları töhfələr onların təbiətə vurduğu ziyanla tərs mütənasibdir. Bu fikir COP29 çərçivəsində keçirilən “Action Aid International” təşkilatının konfransında səsləndirilib.
“Action Aid International” Təşkilatın iqlim ədaləti üzrə qlobal lideri Tereza Anderson çıxışında qeyd edib ki, COP29 yaşanıla bilən planet naminə səylərin gücləndirilməsi üçün sınaq meydanıdır. Çünki iqlim böhranının yaranmasına səbəb olmayan ölkə və regionlar bu gün iqlim dəyişmələrindən daha çox əziyyət çəkir. Bu vəziyyət iqlim dəyişmələrinin gələcək təsirlərini önləmək, təbii fəlakətləri aradan qaldırmaq və “yaşıl” texnologiyalara keçid üçün maliyyə vəsaitlərinə ehtiyac yaradır. Məhz buna görə də COP29-da iqlim maliyyələşməsi üçün yeni hədəflər müəyyən edilməlidir.
İnkişaf etmiş bəzi dövlətlərin yoxsul ölkələrin problemlərindən özlərinə mənfəət qazanmağa çalışdıqlarını vurğulayan təşkilat rəhbəri deyib ki, həmin dövlətlər məsuliyyətdən yayınmağa, iqlim maliyyəsi təşəbbüsündə iştirak etməməyə çalışır, bu məqsədlə bir sıra addımlar atırlar: “Əgər biz iqlim tədbirlərini gələcəyimizi xilas edəcək səviyyədə həyata keçirmək istəyiriksə, o zaman iqlim böhranında cavabdeh olanlar bu vəziyyətin aradan qalxması üçün də vəsait ayırmalıdırlar. Çünki xərclərin nə qədər yüksək olmasından asılı olmayaraq, indi ətraf mühitin qorunması üçün iddialı tədbirlər üçün vəsaitlərin ayrılması uzaq perspektivdə fəlakətlərin yaradacağı maliyyə zərərlərindən qat-qat ucuz başa gələcək”.
Onun fikrincə, bu cür addımlar atanlar bilməlidir ki, qlobal iqlim dəyişikliyi probleminin yaranmasında həmin ölkələrin məsuliyyəti digərlərindən dəfələrlə çoxdur.inkişaf etmiş ölkələrin iqlim maliyyəsindəki payının artırılmasının zəruriliyini vurğulayıb. İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaqda bütün məsuliyyətin inkişaf etmiş ölkələrin üzərinə düşdüyünü diqqətə çatdıran T. Andersonun sözlərinə görə, bu sahədəki böhran vəziyyətinin aradan qaldırılması haqqında, ilk növbədə, onlar düşünməlidir.
Tədbirdə beynəlxalq qurumun Somali, Banqladeş və Avstraliya üzrə təmsilçiləri də çıxış edərək öz ölkələri üzrə vəziyyətdən danışıb, iqlim maliyyələşməsi üzrə danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildirblər. Belə bir fikir yekdilliklə vurğulanıb ki, iqlim maliyyəsi ədalətli iqlim mühafizəsinin ana xəttini təşkil edəcək.
Xatırladaq ki, 1972-ci ildə təsis olunmuş “ActionAid International” təşkilatı qərargahını Qlobal Şimaldan Qlobal Cənuba köçürən ilk beynəlxalq qeyri-hökumət təşkilatıdır. 45 ölkədə nümayəndəliyi olan təşkilatın əsas hədəfi dünyada yoxsulluğa və ədalətsizliyə qarşı mübarizə aparmaqdır.