Noyabrın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimat mərasimi keçirilib.
Nəşrin müəllifləri UNESCO-nun eksperti, Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva, elmi redaktoru isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovdur.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsini tarixi hadisə kimi dəyərləndirib. Akademik mötəbər COP29 tədbiri ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsinin elmi və siyasi əhəmiyyətini vurğulayıb.
“Azərbaycana daha böyük uğurlar gətirəcək COP29 beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır və Prezident İlham Əliyevin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir”, – deyən AMEA rəhbəri vurğulayıb ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən coxcəhətli, çoxvektorlu, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.
Nəşrin həmmüəllifi Nizami Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, COP29 tədbiri ilə əlaqədar kitab vaxtından əvvəl çap olunub. Qeyd edib ki, üç dildə nəşr olunan kitabın yeniliyi onun inteqrativliyində, fəlsəfi, təbiət elmləri, texnoloji və siyasi məsələlərin üzvi birləşməsindədir. Nəşrdə müasir elmin məlumatlarına əsaslanaraq enerji istehsalının iqlim dəyişmələrində rolu, bu mürəkkəb dinamik prosesdə təbii və antropogen faktorların qarşılıqlı əlaqəsi müəyyən edilir.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov çıxış edərək kitabın bəşəriyyətin xilası vasitələrindən biri kimi önəmini vurğulayıb, nəşrin qarşıdan gələn COP29 tədbiri üçün töhfə olduğunu söyləyib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildiriblər ki, kitabda müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təhlükəsiz inkişafa keçid yolunda olmasından çıxış edirlər. Qeyd olunub ki, nəşrdə dövlətin enerji siyasətində etdiyi dəyişikliklər yüksək qiymətləndirilir. Üç dildə nəfis şəkildə çapdan çıxmış kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsaitdir.
Sonda nəşrin digər həmmüəllifi, professor Sevda Məmmədəliyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.