Energetika naziri Pərviz Şahbazov mediaya açıqlamasında bildirib ki, qarşıdakı 2027-ci ilədək istismara veriləcək stansiyalardan 5,3 milyard kilovat-saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 milyon tona qədər emissiyaların azalması gözlənilir.
Nazir qeyd edib ki, 3 il ərzində, təxminən, 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 qiqavat həddində sənaye miqyaslı 8 günəş–külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan “yaşıl” enerji istiqaməti ilə sürətlə irəliləyir və bu, artıq geriyədönməz prosesə çevrilib.
Energetika naziri daha sonra deyib: “Bərpaolunan enerji gündəliyimizin reallaşdırılması “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində daha geniş vüsət alıb. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, təxminən, 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın – Neftçalanın Bankə qəsəbəsində 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş və Abşeron–Qaradağ rayonları ərazisində 240 meqavatlıq Külək Elektrik stansiyalarının təməli qoyulub. Həmçinin “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat olan və illik 160 min kilovat-saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən Günəş Elektrik Stansiyası istifadəyə verilib”.
P.Şahbazov vurğulayıb ki, ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verilib və 100 meqavat gücündə “Qobustan” GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur: “COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasıdır. Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft–qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq.
Gələn il istismara veriləcək 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elekrik Stansiyasının inşası ilə bağlı da hazırda intensiv işlər görülür. “Nobel Energy” şirkətinin Cəbrayılda, “China Gezhouba Group Overseas Investment” şirkətinin isə Füzulidə günəş elektrik stansiyalarının tikintisi layihələri üzrə tədbirlər də davam etdirilir.