Bu gün dünyadakı icmaların demək olar ki, əksəriyyəti iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir, beynəlxalq ictimaiyyət isə havanın temperaturunun yüksəlməsinin 1,5 Selsi dərəcədə saxlanılması ilə bağlı Paris sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilmədiyini təəssüflə bildirir, iqlim dəyişikliyi ilə mübarizədə maliyyəyə ehtiyac duyulduğu, bu məsələdə dövlət sektoru ilə yanaşı, özəl sektorun da məsuliyyət daşıdığını qeyd edir.
Dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə vahid mövqedən çıxış etmələri, düzgün qərarlar vermələri zəruridir. Fəaliyyət isə daha çox ötən il Şarm əl-Şeyx və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) imzalanan qərarlara əsaslanılmalıdır. Bir sözlə, öhdəliklərin icrası diqqətdə saxlanılmalı, texnologiya və energetika sahəsində görülən işlər ədalətlə qiymətləndirilməlidir.
Bu gün bəşəriyyət hərəkətsizliyə və iqlimə görə fəlakət astanasındadır. Planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilmək həddindədir. Belə halda unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliyindən yaranan fəsadların qarşısını almaq planeti və həssas insanları qorumaq deməkdir.
Hazırda beynəlxalq ictimaiyyəti ciddi narahat edən bu qlobal problemin həlli fikrimcə, ölkələrin daha sıx əməkdaşlığından və birgə qərarlar qəbul edilməsindən asılıdır. Azərbaycan bu taleyüklü məsələdə fəal rolunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməsi ilə bir daha təsdiqləyir.
Azərbaycan bu nüfuzlu tədbirə ciddi hazırlaşır, bu istiqamətdə beynəlxalq təşkilatlarla açıq və səmimi əlaqələrini genişləndirir, öhdəliklərini, məsuliyyətlərini və qarşılaşdıqları çətinlikləri bölüşür. Təbii ki, beynəlxalq ictimaiyyət də ölkəmizin belə bir taleyüklü məsələdə səmərəli fəaliyyətini dəstəkləyir, iqlim dəyişikliyi ilə mübarizəsini, maliyyə probleminin həllində rolunu yüksək dəyərləndirir.
Yeri gəlmişkən, burada onu da bildirim ki, inkişaf etməkdə olan dövlətlər iqlim böhranında ən az paya malik olan, lakin onun təsirlərindən ən çox əziyyət çəkən ölkələrdir. Bu səbəbdən onların qlobal böhrana ən çox töhfə verən və haqqında danışılan məsələdə məsuliyyət daşıyan inkişaf etmiş, sənayeləşmiş ölkələri bu istiqamətdə hərəkətə gətirmək üçün təsir göstərməyə mənəvi haqqı var. Həmçinin düzgün dəstək nəticəsində inkişaf etməkdə olan hər bir dövlət yerli səviyyədə uyğunlaşma və dayanıqlığın yaradılması istiqamətində reallaşdırıla biləcək tədbirlərə liderlik edə bilər.
Onu da qeyd edim ki, bu gün bütün dünya zəlzələlər, torpaq sürüşmələri, daşqınlar, qasırğa və digər təbii fəlakətlərlə üz-üzədir. Təbii ki, bütün bunların ilkin səbəbi planetimizin qeyri–humanist münasibətlərin real hədəfinə çevrilməsidir. Əgər dünyamız həddindən artıq nüvə, döyüş sursatı ilə yüklənirsə, dağıdıcı, viranedici müharibələrin meydanına çevrilirsə, hansı normal həyat tərzindən söhbət gedə bilər?
Bir çox mənfi amillər də dünyanın ekosisteminə ziyan vurmaqdadır. Yaşadığımız elmi–texniki inqilab əsrində əhalinin sürətlə artması, yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərir. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əhalinin təbiətdən asıllığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asanlaşdırırsa, digər tərəfdən də bu nailiyyətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Belə ki, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır.
Dünyanın aparıcı elm mərkəzlərinin rəyinə görə, sözügedən qlobal istiləşməyə insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər istixana effekti yaradan qazların miqdarının durmadan artması səbəb olub. Başqa sözlə, sənayeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə ciddi təhlükəyə çevrilib. Qlobal istiləşməni məhdudlaşdırmağın yeganə yolu isə dünyanın enerji balansında alternativ enerjinin (külək, günəş və s.) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər istixana qazlarının miqdarının azaldılmasıdır.
Yeri gəlmişkən, hazırda dünyada əhalinin sayının kəskin artması və qlobal ekoloji problemlərin çoxalması nəticəsində “yaşıl” enerjidən istifadəyə tələbat getdikcə yüksəlir. “Yaşıl” enerji istehsalı qlobal istiləşmənin məhdudlaşdırılmasının, ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsinin, həmçinin ekoloji çirklənmənin qarşısını alır. Bütün bunlarla bərabər, ənənəvi enerjidən “yaşıl” enerjiyə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır, eyni zamanda, “yaşıl” enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişafı şərtləndirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinə gəldikdə isə deyə bilərəm ki, bu, Azərbaycana beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirməyə müsbət təsir göstərəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə böyük töhfə verəcək.
İqlim Dəyişikliyi Konfransı (COP) isə qlobal dünya əhəmiyyətli tədbirdir. Çünki iqlim dəyişmələri ətraf mühitə, iqtisadiyyata, insanların sağlamlığı və təhlükəsizliyinə ciddi təhdiddir. COP ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə əlverişli şərait yaradır.
Bütün bu qeyd edilənlər deməyə əsas verir ki, СОР əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıq prosesinin ali orqanıdır. Bu gün СОР həm də ona görə mühüm önəm daşıyır ki, dövlət başçıları, nazirlər, digər dövlət xadimləri, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya, media və gənclər daxil olmaqla iqlim gündəliyinin geniş aktorlar dairəsini bir araya gətirir. İqlim probleminin həlli məqsədilə məhz belə sahələrarası yanaşmaya ciddi zərurət duyulur.
COP29 iqlim böhranından əziyyət çəkən cəmiyyətlər üçün yüksək dəyərləndirilir. Azərbaycanda keçiriləcək bu nüfuzlu tədbir artıq haqlı olaraq “maliyyə müşavirəsi” də adlandırılır, çünki məhz cari ilin noyab ayında iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv razılaşdırılma gözlənilir. İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində yeni hədəf isə inkişaf etmiş dövlətlər tərəfindən aşağı gəlirli ölkələr üçün nəzərdə tutulan maliyyə öhdəliyinin gerçəkləşdirilməsidir. Bu məsələdə problem ondan ibarətdir ki, 2009-cu ildə vəd edilən bütün vəsait ayrılmamışdı, bu da iqlim dəyişikliyi ilə mübarizənin ciddi şəkildə ləngiməsinə gətirib çıxardı. Ancaq iqlim böhranından əziyyət çəkən cəmiyyətlərdə inkişaf etmiş ölkələrin maliyyələşmə ilə bağlı verdikləri vəd və öhdəliklərin COP29-da tam həcmdə yerinə yetiriləcəyinə böyük ümid bəslənilir.
Respublikamızın bərpaolunan enerji potensialı əsasında istehsal edilən “yaşıl” sərvətin tezliklə ixracının həyata keçirilməsi, ölkəmizin bu sahədə genişmiqyaslı uğurlu layihələr reallaşdırması Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasından xəbər verir. Bu eranın əvvəlində Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması həm ölkəmizə etimad göstəricisi kimi diqqət çəkir, həm də qarşıya qoyulan vəzifənin–2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılmasının gerçəkləşdiriləcəyi əminliyini ifadə edir.
Belə bir tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələrin beynəlxalq aləmdə tanınmağına və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. Respublikamız neft–qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq reallaşdırılır. Ölkəmizdə “yaşıl enerji” sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.
Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi rolunu nümayiş etdirən “yaşıl” enerji layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərləndirir.
Yədulla HƏSƏNLİ,
Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor