Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bununla bağlı ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari il oktyabrın 18–27-də respublikamızın 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulub.
Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla 749 min həmişəyaşıl, 170 min meşə ağacları, 692 min ədəd isə dekorativ kol basdırılacaq.
Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.