Macarıstan dost ölkə, etibarlı tərəfdaşdır

post-img

Azərbaycan – Macarıstan əlaqələri qurulduğu vaxtdan etibarən yüksələn xətlə möhkəmlənib. Hazırda dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda müşahidə edilən ikitərəfli münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olub. Belə bir uğuru isə geniş iqtisadi potensiala malik hər iki dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlərin icrası şərtləndirib.

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın Milli Günü – 1956-cı il bu ölkə inqilabının ildönümü şərəfinə keçirilən qala tədbirində çıxış edərək bildirib ki, indiyədək Azərbaycan ilə Macarıstan arasında imzalanan 60-dan çox sənəd birgə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Hazırda Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr sabit artım dinamikası ilə inkişaf edir. Respublikamızda Macarıstan kapitallı 26 şirkət fəaliyyət göstərir. Ötən 8 ayda iki ölkə arasında ticarət dövriyyəsinin 30 faiz artması ikitərəfli iqtisadi əlaqələrin möhkəmliyinin bariz nümunəsidir. Bu gün Azərbaycan və Macarıstan arasında ənənəvi və “yaşıl” enerji sahəsində səmərəli əməkdaşlıq da diqqət çəkir. yeni mərhələ Azərbaycan–Macarıstan arasında ötən illər ərzində nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb. Bundan başqa, dost ölkənin “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslərin həyata keçirməsinə başlayıb.

Hazırda Macarıstan şirkətləri tərəfindən düşməndən təmizlənən ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə əlaqədar ölkəmizə müvafiq layihələr təqdim edilib. Döst dövlət düşməndən azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir.

İşğaldan azad olunan Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi Macarıstanla birgə həyata keçirilib, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı qərara alınıb.

Xatırladaq ki, Soltanlı kəndi Araz çayının sahilində, Horadiz Cəbrayıl–Zəngilan–Ağbənd yolunun üzərində yerləşir. Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu kəndin şimal hissəsinə bitişik ərazidən keçir. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Soltanlının yaxınlığında salınır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev 78 hektar ərazidə tikiləcək.

Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən IGB-nin ötürmə gücünün 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır. Bu məqamla bağlı qeyd edək ki, dost dövlət Cənub Qaz Dəhlizi təşəbbüsünü daim dəstəkləyir və bu layihəyə qoşulmaqla bağlı marağını daim diqqətə çatdırır. Məhz elə buna görədir ki, qarşı tərəf Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş xüsusi yer tutur. Həmin tarixi sənədə əsaslanılaraq adları çəkilən ölkələr arasında “yaşıl” enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər hazırda uğurla davam etdirilir. Bununla da 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəmərinin tikintisi planlaşdırılır. Hazırda adıçəkilən “yaşıl” enerji layihəsinin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, texniki-iqtisadi əsaslandırma prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Macarıstan ötən illər ərzində respublikamıza investisiya qoyuluşuna da daim maraq göstərib. Enerji içkiləri istehsalçısı “Hell” şirkəti ölkəmizə 211 milyon dollarlıq sərmayə yatırıb. Bundan başqa, Macarıstanın ən böyük əczaçılıq müəssisələrindən biri olan “Richter”in Azərbaycanla imzaladığı istehsal müqaviləsinə əsasən, gələcəkdə respublikamızda istifadəyə veriləcək zavodda tibbi və əczaçılıq məhsullarının hazırlanacağı nəzərdə tutulub.

Bütün bu deyilənlərdən belə bir qənaət hasil olur ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq təkcə qaz tədarükü, eləcə də “yaşıl” enerjinin inkişafı və təchizatı ilə məhdudlaşmır. Hər iki ölkədə sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu isə Azərbaycan–Macarıstan əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir.

İqtisadiyyat