Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 planetimizin gələcəyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edən qlobal tədbirdir. Bu fikri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Caspian Energy Club”ın təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl texnologiya və dayanıqlı inkişaf” mövzusunda “Central Baltic&Azerbaijan Business Forum”da bildirib.
Onun sözlərinə görə, COP29 zamanı dünyanın diqqəti Bakıda olacaq: “İki həftə ərzində dünya liderləri burada bir araya gələcək. İqlim konvensiyasının iştirakçıları görüşə və beynəlxalq iqlim siyasəti ilə bağlı müzakirələr apara biləcəklər”.
Diplomat qeyd edib ki, “yaşıl” texnologiyalarla bağlı müxtəlif qanunvericilik aktlarının hazırlanmasından tutmuş həll edilməli bir çox məsələlər var: “Biz Avropa İttifaqı olaraq Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəlikləri dəstəkləməyə, bu istiqamətdə ən yaxşı nəticələrə nail olmaq üçün təcrübələrimizi bölüşməyə hazırıq.
P.Mixalko sonda vurğulayıb ki, bərpaolunan enerji və enerji səmərəliliyi iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Bunlar qazıntı yanacaqlarına, kömürə və təbii qaza olan tələbatı azaltmaq üçün imkan yaradır, istixana qazı emissiyalarının azaldılmasına böyük töhfə verir.