Ölkəmizin Cənubi Koreyadakı səfiri Ramin Həsənov Seulda Qlobal Yaşıl İnkişaf İnstitutunun təşkilatçılığı ilə keçirilən “COP29-a aparan yol” konfransında bildirib ki, Azərbaycanın sədrliyinə etimad göstərilməsi respublikamızın iqlim gündəliyinin həyata keçirilməsində liderliyə və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə mühüm töhfə verməyə hazır olduğunu təsdiq edir.
Səfiri çıxışında Azərbaycanın ekoloji təhlükəsizliyə, ekoloji davamlılığa və “yaşıl” inkişafa böyük əhəmiyyət verdiyini, respublikamızın əsas uzunmüddətli hədəflərindən birinin “yaşıl” iqtisadiyyata keçid olduğunu, bu kontekstdə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial–iqtisadi tərəqqinin əsas milli prioritetləri kimi müəyyənləşdirildiyini vurğulayıb. Bununla belə ölkəmizin artıq iqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşdiyini xatırladan R.Həsənov bildirib: “Belə bir hal ekoloji məqsədlərə nail olmağı çətinləşdirir. Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, eləcə də əhalinin həyatına və rifahına birbaşa təsir edən səhralaşma ilə üzləşir. Bundan əlavə, transsərhəd axınlarla su ehtiyatlarının çirklənməsi və azad olunan ərazilərin Ermənistan tərəfindən yerləşdirilmiş minalarla çirklənməsi ekoloji vəzifələrin yerinə yetirilməsinə maneə törədir. İqlim dəyişikliyi bu gün dünya üzrə milyardlarla insana təsir edən real bir təhlükədir”.
Diplomatın sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik” çağırışına əsaslanaraq inkişaf etməkdə olan ölkələri yaxınlaşdırmaq və iqlim problemlərinin həlli üçün əməkdaşlıq ruhunu gücləndirməklə bağlı səylər göstərir ki, bu da ümumi öhdəlik və mənəvi borc kimi qəbul edilir. COP29 Cənubi Qafqazda keçiriləcək ilk tədbir olacaq və ölkəmizi dünyaya təqdim etmək bizim üçün böyük şərəfdir.
Beynəlxalq ictimaiyyətin bu il COP29-u keçirmək və ona sədrlik etməklə bağlı ölkəmizə göstərdiyi etimad Azərbaycanın iqlim gündəliyini uğurla yerinə yetirməyə və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə öz töhfəsini verməyə hazır olduğunun sübutu və etirafıdır. Sədr olaraq Azərbaycan COP29-u şəffaf, qərəzsiz, inklüziv şəkildə və bütün tərəflərin təşəbbüsü ilə gerçəkləşdirməyə dair öhdəliklərini təsdiqləyir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqlim sahəsində aparıcı ekspertlər də iştirak ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərin zəruriliyinə diqqət çəkiblər. Qeyd edilib ki, dünya ictimaiyyəti uyğunlaşma və zərərli emissiyaların azaldılması üzrə tədbirləri təxirə sala bilməz, çünki iqlim dəyişikliyinin nəticələri daha çox hiss olunur.
Ekspertlər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və həssas ölkələrə maliyyə dəstəyinin artırılmasına çağırış edərək dünya ictimaiyyətini iqlim çağırışları ilə mübarizə aparmağa və qlobal ətraf mühit dəyişikliklərinin artıq vurduğu zərəri minimuma endirməyə səsləyiblər.