“Yaşıl” büdcə “yaşıl” keçidin təkanverici amilidir

post-img

İqlim dəyişikliyinin insan sağlamlığı və biomüxtəliflik üçün yaratdığı problemlər və sürətlə artan ekoloji, eləcə də sosial-iqtisadi təsirlər bu gün bütün dünyanı ciddi narahat edir. İqlim dəyişikliyi səbəbindən hava şəraiti sürətlə dəyişir, quraqlıqlar genişlənir, okeanlar istiləşir, buzlaqlar əriyir.

Beynəlxalq Əmək Təşkilatı istilik təsirinin hər il dünya üzrə ümumi iş saatını 2,2 faiz azaltmaqla məhsuldarlıq itkilərinə səbəb olacağını və bu itkilərin 60 faizinin kənd təsərrüfatı sektorunun payına düşəcəyini proqnozlaşdırır. Problemin qlobal xarakteri iqlim dəyişikliyinin neqativ təsirlərinin azaldılması istiqamətində səylərin birləşdirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edir. Təsadüfi deyildir ki, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi 2015-ci ildə BMT-nin tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilən Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyənləşdirilib. 2016-cı ildə qəbul oluna Paris Sazişi isə iqlim dəyişikliyi ilə bağlı həm siyasi məlumatlılığı, həm də öhdəliyi artırıb.

Dünya ölkələri qlobal temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün öz milli fəaliyyət planlarını və yol xəritələrini müəyyən edib. Bir sıra dövlətlər bu istiqamətdə mühüm addımlar atsa da, Paris Sazişinin məqsədlərinə tam çatmaq üçün hələ uzun bir yol qət edilməlidir.

İqlim dəyişikliyi üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və “xalis sıfır” karbon iqtisadiyyatına keçid böyük məbləğdə maliyyə resursları tələb edir. Bu baxımdan Paris Sazişi ilə qarşıya qoyulan hədəflərdən biri də məhz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin neqativ təsirləri ilə mübarizəyə dəstək göstərməsi, eləcə də qısa müddətdə kapitallaşdırmayolu ilə Yaşıl İqlim Fondunun fəaliyyətini tam gerçəkləşdirmək üçün bütün mənbələrdən, ümumilikdə, 100 milyard ABŞ dollar məbləğində vəsaitin toplanması olub.

Qlobal istiləşməni 1,5°C həddində saxlamaq niyyəti daşıyan istixana effekti yaradan qaz tullantılarını azaltmaq üçün dünya ölkələri tərəfindən Paris İqlim Sazişindən sonrakı müddətdə yeni, daha iddialı hədəfləri gerçəkləşdirmək məqsədilə 2021-ci il oktyabrın 31-dən noyabrın 12-dək Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin növbəti İqlim Dəyişiklikləri Konfransı (COP26)) keçirilib. Konfrans çərçivəsində 2030-cu ilədək mövcud hədəflərin artırılması və 2050-ci ilədək “xalis sıfır” emissiyaya nail olunması istiqamətində inkişaf etmiş ölkələr qrupu, ələlxüsus Avropa İttifaqı, ABŞ və konfransın ev sahibi olan Böyük Britaniya tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb.

Konfrans son illər iqlim və enerji transformasiyası ilə bağlı vacib qərarlar qəbul etməklə bərabər, həm də inkişaf etmiş ölkələr qrupu ilə iddialı iqlim hədəflərinin və enerji transformasiyası tempinin aşağı olduğu Çin, Hindistan, Rusiya kimi nəhəng iqtisadiyyatlı, eləcə də məhdud resurslara malik inkişaf etməkdə olan bir çox ölkələr arasında gərgin danışıqlar fonunda keçib. Xüsusilə də iqlim dəyişikliyi sahəsində adaptasiya və mitiqasiya tədbirlərini səmərəli həyata keçirmək üçün irimiqyaslı maliyyə, texniki və texnoloji resursların səfərbər edilməsinin vacibliyi inkişaf etməkdə olan ölkələr tərəfindən qabardılıb və bu zəruri ehtiyac inkişaf etmiş ölkələr tərəfindəndə təsdiqlənib.

İqlim dəyişikliyi fiskal, maliyyə və monetar siyasətlərin, eləcə də xərc qərarlarının yenidən istiqamətləndirilməsi, xüsusən də mədən yanacaqlarından asılı ölkələrdə keçidlə bağlı risklərin nəzərə alınması da daxil olmaqla hərtərəfli reaksiya tələb edir. İqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə maliyyə resurslarının səmərəli mobilizasiyası üçün büdcə siyasətinin milli ətraf mühit və iqlim prioritetləri, həmçinin məqsədləri ilə əlaqələndirilməsi, iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin büdcə proseslərinə sıx inteqrasiyası zəruridir.

Dövlət maliyyəsinin iqlim dəyişikliyinə həssaslığının artırılması büdcə siyasətinin ətraf mühit və iqlim təsirlərinin qiymətləndirilməsinə və daha əsaslı iqlim məqsədlərinə uyğunlaşdırılmış büdcə qərarlarının verilməsinə imkan yaradır. İqlimə həssas büdcənin tətbiqi iqlimlə bağlı dövlət xərclərinin müəyyənləşdirilməsi, monitorinqi, hesabatlılığı və qiymətləndirilməsi ilə yanaşı, iqlim dəyişikliyinin artan mənfi təsirləri ilə bağlı fiskal risklərin də qiymətləndirilməsi və idarə olunmasına şərait yaratmaqla fiskal dayanıqlılığın möhkəmlənməsinə töhfə verir.

Son illər ərzində 2030-cu il İqlim Gündəliyinin sosial, ekoloji və iqtisadi məqsədlərinə daha yaxşı inteqrasiya olunan yanaşmaların tətbiqində maliyyə nazirliklərinin rolu və potensialı artmaqdadır. 2019-cu ildə İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyası yaradılıb. Maliyyə nazirlərinin imzaladığı “Helsinki prinsipləri” xüsusilə fiskal siyasət və dövlət maliyyəsindən istifadə yolu ilə milli iqlim fəaliyyətini təşviq etmək məqsədi daşıyıb. Koalisiya hazırda 62 ölkədən olan üzvlərdən ibarətdir və 18 institusional tərəfdaş tərəfindən dəstəklənir. Koalisiyaya üzvlük qlobal xarakter daşıyır və bütün regionlardan olan ölkələri bir araya gətirir.

“Helsinki prinsipləri”ndə makroiqtisadi siyasət, fiskal planlaşdırma, büdcə, dövlət investisiyalarının idarə edilməsi və satınalma təcrübələrində iqlim dəyişikliyinin nəzərə alınması amili xüsusi diqqət çəkir. Bu, ölkələrin və inkişaf tərəfdaşlarının iqlim dəyişikliyi problemlərinə cavab vermək üçün milli planlaşdırma və büdcə sistemlərindən istifadəsinin vacibliyini qəbul etdiklərini göstərir.

Son illərdə dünyada ətraf mühit və iqlim məqsədlərinə nail olmaq üçün büdcə siyasətində mühüm yer tutan vasitələrdən istifadəni özündə ehtiva edən “Yaşıl büdcə” çərçivəsinin tətbiqi geniş vüsət alıb. Avropa, Asiya, Afrika və digər regionlarda yerləşən bir sıra ölkələrdə iqlim dəyişikliyi ilə bağlı maliyyələşmənin büdcə proseslərinə inteqrasiyası, monitorinq, qiymətləndirmə və hesabatlılıq sisteminin qurulması və “yaşıl büdcə”nin tətbiqi istiqamətində mühüm addımlar atılıb.

İqlim və ətraf mühit məqsədlərinin dövlət maliyyə idarə olunması proseslərinə uyğunlaşdırılmasında ölkələrə dəstək göstərmək üçün büdcə alətlərinin hazırlanması məqsədilə 2017-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Yaşıl büdcə” üzrə Paris Əməkdaşlıq Birliyi yaradılıb. Bununla yanaşı, son illərdə BMT-nin İnkişaf Proqramı kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən də müəyyən metodoloji təlimatlar və tövsiyələr hazırlanıb.

Lakin hazırda dünyada büdcə siyasətinin iqlim dəyişikliyinə təsirlərinin və ya büdcənin nə qədər “yaşıl” olduğunun qiymətləndirməsində vahid bir metodologiya, standart və ya qayda mövcud deyil. Azərbaycan da digər ölkələr kimi, iqlim dəyişikliyinin neqativ təsirlərinə məruz qalıb. Respublikada iqlim dəyişikliyinin mənfi təsirləri özünü daha çox havanın orta illik temperaturunun artması, daşqınlar, sellər, quraqlıq və s. kimi təbiət hadisələrinin sayının artması ilə göstərib.

Azərbaycanda iqlim dəyişikliyinə ən həssas sahələr kənd təsərrüfatı, su, səhiyyə, enerji, meşə, turizm sektorları hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial –iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və “yaşıl artım” 5 əsas prioritetdən biri olaraq müəyyənləşdirilib və bu prioritet daxilində yüksək keyfiyyətli ekoloji mühitin, eləcə də “yaşıl” enerji məkanının gerçəkləşdirilməsi nəzərdə tutulub.

Milli Prioritetlərə uyğun olaraq hazırlanan “2022-2026-cı illər üzrə sosial–iqtisadi inkişaf Strategiyası”nda yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl” enerji məkanının təmin edilməsi istiqamətində müəyyən strateji layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Həmin məqsədlərin gerçəkləşdirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl” iqtisadiyyata keçid üçün böyük məbləğdə maliyyə resursları tələb edilir ki, bu da büdcə sisteminə sıx inteqrasiya olunmaqla, effektiv monitorinq, qiymətləndirmə və hesabatlılıq sisteminin qurulması ilə mümkündür. Unutmayaq ki, problemin həllində ölkədə iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində bərpaolunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin daha çox diqqətdə saxlanılması, istilik elektrik stansiyalarında mazut işlədilməsinin dayandırılması, eləcə də onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadəyə üstünlük verilməlidir. Meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və elektrik enerjisi istehsalında sərf olunan şərti yanacağın ildən-ilə azaldılması və s. kimi tədbirlərin keçirilməsinə də xüsusi həssaslıqla yanaşılmalıdır.

Ölkədə alternativ enerjinin istifadəsi, sosial – iqtisadi sektorlarda azkarbonlu fəaliyyətlərin təşviqi prioritet təşkil edir. “Yaşıl” iqtisadiyyata investisiyaların yatırılması, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadəyə üstünlük verilməsi, istilik effekti yaradan qazların azaldılması, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə tədbirlərinin həyata keçirilməsi, su anbarları və elektrik stansiyalarının inşası, meşəsalma və s. layihələrinin reallaşdırılması diqqətdə saxlanılır.

 

Ekologiya