Bakı Mühəndislik Universitetində keçirilən “COP29: Yaşıl dünya naminə həmrəy olaq” adlı forumda qlobal ekoloji problemlərin ətraf mühitə təsiri, yaratdığı sosial-iqtisadi fəsadlar, “yaşıl” enerji və onun istixana qazlarının azaldılmasında rolu, COP29-un Azərbaycana ekoloji baxımdan qazandıracağı üstünlüklər, iqlim dəyişikliyinin su ehtiyatlarının idarə olunmasına, eləcə də Xəzər dənizinin səviyyə dəyişmələrinə təsirləri istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanda 2024–2040-cı illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qəbul olunmasının mühüm önəmi vurğulanaraq sənəddə iqlim dəyişmələri fonunda yeni texnologiyalardan istifadə, suyun uçotunun təkmilləşdirilməsi, eləcə də hidroböhranların qarşısının alınması kimi zəruri məsələlərə geniş yer verildiyi vurğulanıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su potensialından səmərəli istifadə ilə bağlı hazırda görülən işlər barədə məlumat verilib, eləcə də yeni su anbarlarının tikilməsinin Azərbaycanın iqlim dəyişmələrinin təsirinin yumşaldılması məqsədilə atdığı addımlar sırasında dayandığı diqqətə çatdırılıb.
Forumda 2030-cu ilə qədər dünyada bərk məişət tullantılarının 4 milyard tonu aşacağı və bunun ciddi risk kimi narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, bərk məişət tullantılarının idarə olunması təkcə atmosferə yox, yeraltı sulara, torpağa və s. mənfi təsir göstərir. Sanitar normalara cavab verən poliqonların yaradılmasının müsbət cəhətləri xatırladılaraq tullantılardan alınan qazların istilik məqsədli istifadəsi yüksək dəyərləndirilib.