Böyük Britaniya parlamentinin Lordlar Palatasında 4-cü Qlobal Enerji Həftəsinin açılış konfransında alternativ enerji, hidrogen resursları, enerji keçidi və enerji təhlükəsizliyi kimi mövzular müzakirə edilib, Azərbaycanın evsahibliyi edəcəyi COP29-un əhəmiyyəti dəfələrlə vurğulanıb.
Mərasimdə çıxış edən Britaniyanın enerji təhlükəsizliyi və “sıfır emissiya” məsələləri üzrə dövlət naziri Lord Hunt Britaniyada yenicə hakimiyyətə gələn Leyborist hökumətinin “yaşıl” keçid məsələsinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb. Azərbaycanda keçiriləcək COP29-un vacib əhəmiyyətinə toxunan britaniyalı nazir ölkəsinin bu xüsusda respublikamızla yaxından əməkdaşlıq etməsini və iqlim konfransının uğurla nəticələnməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazır olduğunu məmnunluqla vurğulayıb.
Lordlar Palatasının üzvləri, beynəlxalq, eləcə də Britaniyaya məxsus enerji şirkətlərinin nümayəndələri və diplomatik korpus üzvlərinin təmsil olunduğu tədbirdə təşkilatçıların dəvəti əsasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans iqlim dəyişikliyi və “yaşıl” keçid məsələsinin önəmi barədə danışarkən COP29-a evsahibliyi etməklə beynəlxalq iqlim danışıqlarına şərait yaratmaq kimi məsuliyyətli işi öhdəsinə götürdüyünə görə Azərbaycana təşəkkür edib. O, COP29-un Bakı şəhərində uğurla təşkil ediləcəyinə əminliyini vurğulayıb.