Dünyada bərpaolunan enerji 30 faizə çatıb

post-img

2022-ci ildə yeni enerji güclərinin 83 faizi bərpa olunan mənbələrdən əldə edilib. Onların ümumi gücü 9,6 faiz və ya 295 giqavat artıb. Bu artımın böyük hissəsi–192 giqavatı günəş və 75 giqavatı külək hesabına əldə edilib.

Hazırda dünyanın elektrik enerjisinə tələbatının təxminən 30 faizi artıq bərpa olunan mənbələr hesabına ödənilir və 1,5 dərəcədən çox olmayan istiləşmə məqsədinə nail olmaq üçün onların gücü 2030-cu ilə qədər üç dəfə artırılmalıdır. Bu məlumat Ümumdünya Metereoloji Təşkilatla Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilk birgə hesabatında yer alıb.

Ekspertlər qeyd edirlər ki, alternativ enerjinin inkişafında əsas çətinliklərdən biri təbii iqlim dəyişkənliyidir (məsələn, El Niño kimi hadisələr səbəbindən). Onun üzündən külək enerjisi istehsalında mövsümi və illərarası enmə və qalxmalar 15 faizə çata bilər. Bərpa olunan enerji mənbələrinə arxayınlaşmaq üçün iqlim dəyişikliyini daha dəqiq proqnozlaşdırmağı öyrənməliyik, çünki dünyada gedən istiləşmə fonunda elektrik istehlakı artacaq, soyutma üçün daha çox enerji tələb olunacaq. Hesabatın müəllifləri ən perspektivli regionlardan biri kimi Afrika ölkələrini qeyd ediblər: onlar hazırda dünyada bərpa olunan enerjinin təxminən iki faizini istehsal edirlər, lakin optimal təbii şəraitə görə onun həyata keçirilməsi üçün bu regionun böyük potensialı var.

 

Ekologiya