İstiləşmə təhlükəsi həmrəyliyə çağırır

post-img

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld ADA Universitetində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda keçirilən “dəyirmi masa”da BMT-nin iqlim konfransında Paris Sazişinin 6-cı maddəsinin texniki komponentinin tamamlanacağını bildirib.

“COP29-da biz 6-cı maddə üzrə bəzi texniki məsələləri yekunlaşdırmalıyıq və mən yeni sədr kimi Azərbaycana danışıqların erkən mərhələsində bu sahədə irəliyə doğru mühüm addım atmaqda hamımıza dəstəyin lazım olması ilə razılaşdığına görə təşəkkür edirəm”, – deyə diplomat bildirib.

Səfir vurğulayıb ki, bazar və maliyyə sahəsi üzrə mütəxəssis olmasa da, 18 ildir ki, mütəmadi olaraq karbon bazarını izləyir. Gəldiyi qənaət isə belədir: Bazar mexanizmlərinin əsas prinsipi iqlim böhranının qarşısını almaq üçün qlobal miqyasda ehtiyac duyulan layihələrə səmərəli və genişmiqyaslı iqlim maliyyəsi axını təmin edilməli, karbona qiymət qoymaq isə iqlim dəyişikliyi ilə mübarizənin əsas elementinə çevrilməlidir.

“Bu, emissiyaların azaldılması və özəl sektorun səfərbər edilməsi üçün iqtisadi cəhətdən səmərəli üsuldur. 2030-cu ilə qədər karbon bazarlarının həcmi ildə bir neçə milyard funt sterlinq, növbəti onilliklərdə isə daha çox ola bilər”, – F.Auld qeyd edib.

Belə mövzularla bağlı müzakirələrin aparılmasına görə Azərbaycana təşəkkürünü bildirən diplomat bunun nəticəsində dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsinin artdığını, xalis sıfır emissiyaya keçid üçün karbon bazarlarının potensialından necə istifadə edilə biləcəyi ilə bağlı bir sıra maraqlı təkliflərə yol açılacağına ümid bəsləndiyini vurğulayıb.

 

Ekologiya