Bolqarıstanın sabiq prezidenti, Azərbaycanın COP29-a sədrliyi üzrə Beynəlxalq Məsləhət Şurasının üzvü Rosen Plevneliev mediaya açıqlamasında qeyd edib ki, iqlim konfransı zamanı Bakıda qlobal liderlərin bir yerə toplaşdığını görəcəyik.
R.Plevnelievin sözlərinə görə, Azərbaycanın COP29-a evsahibliyi etməsi böyük uğurdur. Azərbaycanın planetin gələcəyinə, gənclərə və gələcək nəsillərə dair birgə razılaşmanın əldə olunmasında əsas rol oynayacağına dərin inam var.
O, Azərbaycanın COP29-a sədrliyi üzrə Beynəlxalq Məsləhət Şurasının üzvü olaraq, hazırlıqları, bütün danışıqları diqqətlə izlədiyini, iqlim konfransı ilə əlaqədar London, Almaniya və Nyu-Yorkda keçirilən görüşlərdə iştirak etdiyini bildirib. COP29 komandalarının dünyanın hər yerində böyük və kiçik ölkələrlə, zəngin və kasıb millətlərlə danışıqlar apardıqlarını diqqətə çatdıran R.Plevneliev bununla diqqətin qlobal razılaşmalar haqqında qərarların verilməsinə yönəldildiyini qeyd edib.
Diplomat deyib ki, Azərbaycan bu gün mühüm qərarlara imza atır və önəmli təşəbbüslər irəli sürür: “Azərbaycan güclü mövqeyə malikdir, çünki o, ötən illər özündə 120 ölkəni birləşdirən BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib. Bundan başqa, Azərbaycan masaya bütün ölkələr tərəfindən dəstəklənə biləcək yeni ideyalar gətirib. Məsələn, yeni idarəetmə və şəffaflıq üsulu ilə yardıma ehtiyacı olanlara kömək edəcək fond ideyası Azərbaycana məxsusdur. Hər kəs yenidən Azərbaycanın gücünü görəcək. Söhbət yalnız maliyyə məsələlərinə yönələn bir COP-dan getmir. Azərbaycanın vurğulayacağı ən vacib məsələ ondan ibarətdir ki, bütün dünya ölkələri qlobal istiləşmənin qarşısını necə alacaqlarına dair öz milli hədəflərini təqdim etməlidirlər”.