COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində beynəlxalq ISO 45001 idarəetmə sistemi sertifikatını əldə edib.
Sertifikat ölkəmizdə səfərdə olan “Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abidin COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşü zamanı təqdim olunub.
Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə müzakirələr aparıb. N. Abid beynəlxalq sertifikatın COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı strateji yanaşma və əməyin mühafizəsi tədbirlərinin yüksək səviyyədə reallaşdırılmasının nəticəsi olduğunu bildirib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edib. N. Carçalova bu nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, ISO 45001 standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını gerçəkləşdirməklə yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma endirməkdir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti bu sertifikatla işçilərinin sağlamlığını və təhlükəsizliyini reallaşdırmaq məqsədilə beynəlxalq standartlara uyğun sistemlər tətbiq etdiyini bir daha təsdiqləyir.