Çin şirkətinin ölkəmizlə təmiz enerji əməkdaşlığı

post-img

Çinin “Energy China” şirkəti törəmə qurumları vasitəsilə respublikamızın bərpaolunan enerji sektorunda iştirakını genişləndirir. Şirkətin Azərbaycan üzrə meneceri Şansyan Vunun mediaya məlumatında bildirilir ki, keçən ilin iyun ayında Azərbaycan Energetika Nazirliyi ilə CGGCOIC şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, respublikamızda günəş və külək enerjisi, “yaşıl” hidrogen sahəsində irimiqyaslı layihələrin həyata keçiriləcəyi nəzərdə tutulub. 

Menecer daha sonra qeyd edib ki, cari il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsin­də Çin Xalq Respublikasının sədri Si Cin­pin Prezident İlham Əliyevlə görüşüb. Bu görüşdə “yaşıl” enerji və regional əlaqələr sahəsində səylərin artırılmasının vacibliyi vurğulanıb ki, bu da ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyanatda da qeyd olunub.

“Energy China” şirkəti hər iki tərəf üçün uzunmüddətli strateji faydalar gətirə­cək “Yaşıl Enerji Zonası” və “Yaşıl dəhliz” təşəbbüsləri çərçivəsində əməkdaşlıq edir. Şirkət, həmçinin bərpaolunan enerji mən­bələri sahəsində “SOCAR Green” və “No­bel Energy” kimi yerli şirkətlərlə əmək­daşlıq və tərəfdaşlığı gücləndirir. Bildirilib ki, “Energy China”nın dəstəklədiyi sənaye zəncirində enerji, nəqliyyat, rəqəmsal, su, ekoloji, sənaye və mədəni şəbəkələr ara­sında dərin inteqrasiya da perspektivli is­tiqamətlərdəndir.

Çin şirkətinin Azərbaycan üzrə mene­cerinin sözlərinə görə, COP29 konfransı bərpaolunan enerji, dayanıqlı infrastruktur və iqlim dəyişikliyi ilə mübarizə sahəsin­də fəaliyyət göstərən şirkətlər, o cümlədən “Energy China” üçün böyük əhəmiyyət kəsb edir: “Biz təmiz enerji sistemlərinə qlobal keçid, karbon emissiyalarının azal­dılması strategiyası və iqlim dəyişikliyinə uyğunlaşmanın nəticələrinin yumşaldılma­sı üçün maliyyə öhdəliklərinin artırılması çərçivəsində daha çox müsbət addımlar atılmasını gözləyirik”.

Şirkət nümayəndəsi hesab edir ki, bu, Azərbaycanın “yaşıl” enerji sahəsində böyük ambisiyalarını və fəaliyyətini dün­yaya nümayiş etdirmək üçün əla fürsətdir. COP29 çərçivəsində hədəflər, siyasət və maliyyələşdirmə ilə bağlı məsələlərin əsas müzakirə mövzusu olacağı danışıqlar qar­şıdakı dövrdə bərpaolunan enerjinin inki­şafını müəyyənləşdirəcək.

Ekologiya