İtki və Zərər Fondu isə maliyyə mənbələri axtarışındadır
COP29 iqlim konfransına hazırlıq çərçivəsində Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə xüsusi işçi qrupun 3-cü iclasında dünyanın 30-a yaxın ölkəsindən müşahidəçi qismində qeyri-hökumət təşkilatları iştirak ediblər.
İşçi qrupun iştirakçıları Paris Sazişinə, Kyoto Protokoluna və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf dövlətlərin nümayəndələri və konvensiya müşahidəçiləri inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alan ədalətli və iddialı iqlim maliyyəsi üzrə müzakirə aparıblar. Bütövlükdə isə, sözügedən tədbir COP29 danışıqlarında iddialı məqsədlərə doğru irəliləyiş əldə etmək baxımından böyük fürsət olub.
Xatırladaq ki, Yeni Kollektiv Kəmiyyət Məqsədi Paris Sazişinin maliyyə tələblərini yerinə yetirmək üçün təsis edilib. Bu təşəbbüs inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə yardım göstərmək və uyğunlaşmaq məqsədilə lazımi maliyyə dəstəyini artırmağa yönəlib. Qurum iqlim dəyişikliyinin təsirlərinə daha davamlı olan iqtisadiyyatların qurulmasına yardım göstərməklə yanaşı, maliyyə resurslarının şəffaf və səmərəli istifadəsini də təmin edir. Eyni zamanda, bu məqsəd iqlim maliyyələşdirilməsində 2025-ci ildən sonrakı dövr üçün yeni kəmiyyət hədəflərini müəyyənləşdirir.
İqlim maliyyələşməsi ilə bağlı daha bir tədbir isə gələn həftə keçiriləcək. Belə ki, sentyabrın 18-20-də Azərbaycan iqlim maliyyəsində yeni yaradılmış İtki və Zərər Fondunun idarə heyətinin 3-cü iclasına ev sahibliyi edəcək. Məlumat üçün bildiririk ki, bu fond maliyyə dəstəyi ilə yanaşı, iqlim ədalətinə, dəyişmələrə ən həssas olanlarla həmrəyliyə və ən çox ehtiyac duyulan yerdə maddi yardımın çatdırılmasını hədəfləyir.
Son zamanlar biz dünyada iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha dağıdıcı hala gəldiyini müşahidə edirik. Yer kürəsində yaşayan icmalar, xüsusən də inkişaf etməkdə olan dövlətlər və kiçik ada ölkələri iqlimlə bağlı fəlakətlərin – dəniz səviyyəsinin qalxması, şiddətli quraqlıqlar, daşqınlar və getdikcə qeyri-sabit hava şəraiti kimi ağır fəsadları olan hadisələr yaşayırlar. Bu təsirlər həyatı və ekosistemləri təhdid edir. Artıq çoxları üçün itki və zərər gündəlik reallığa çevrilib.
Hazırda dünya dövlətlərinin ümumi vəzifəsi ən çox təsirə məruz qalan əhalinin təcili ehtiyaclarını ödəmək üçün bu fondun səmərəli şəkildə səfərbər edilməsini, ədalətli şəkildə bölüşdürülməsini və tam fəaliyyət göstərməsini gerçəkləşdirməkdir. Bu, iqlim böhranına ən az “töhfə vermiş”, lakin ən böyük təsirlərə məruz qalan ölkələrdə dayanıqlılığın yaradılması və bərpanın dəstəklənməsi istiqamətində mühüm addımdır.
İqlim təsirlərinin aktuallığı bizdən cəld və çevik hərəkətləri reallaşdırmağı tələb etdiyindən maliyyə resursları mümkün qədər tez və səmərəli şəkildə təmin olunmalıdır. Hazırkı şəraitdə itki və zərərə ən çox həssas olan icmalar beynəlxalq dəstək əldə etməkdə tez-tez sistemli problemlərlə üzləşirlər. Fondun strukturunun inklüzivliyini, eləcə də şəffaflığını təmin edərək ən həssas olan kiçik ada, eləcə də inkişaf etməkdə olan dövlətlərə, ən az inkişaf etmiş ölkələrə və yerli icmalara həddindən artıq inzibati tədbirlər həyata keçirilmədən ehtiyac duyduqları resursları almağa imkan verilməlidir. İcmaların bərpa olunması, yenidən qurulması və gələcək risklərə uyğunlaşması üçün vəsaitlərin ədalətli şəkildə bölüşdürülməsi və vaxtında əlçatan olması reallaşdıran mexanizmlərə uyğun qurulmalıdır.
Yeri gəlmişkən, Azərbaycan COVİD-19 pandemiyası dövründə vaksin ədalətsizliyi ilə mübarizə aparmış, bu istiqamətdə inkişaf etmiş ölkələri aşağı gəlirli və az inkişaf etmiş ölkələrin vaksin ehtiyacının qarşılanmasına çağırmışdı. Dövlətimiz təkcə öz xalqının rifahını deyil, eyni zamanda, 30-dan artıq ölkədə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı göstərmişdi. 4 ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilmişdi. Azərbaycan dəfələrlə açıq şəkildə zəngin dövlətlərin “peyvənd millətçiliyi”nə öz etirazını bildirmiş və dünya əhalisinin vaksinlərə bərabər əlçatanlığının təmin edilməsi ilə bağlı çağırışlar etmişdi. Bu addım BMT tərəfindən alqışlanmış, nümunə olaraq göstərilmişdi.
İndi isə Azərbaycan dünya dövlətlərini iqlim maliyyəsinin ədalətli bölgüsü ilə bağlı razılaşma əldə olunmasına çağırır. Ümumbəşəri problem olan iqlim dəyişikliyi və qlobal istiləşmənin qarşısı yalnız dünya dövlətlərinin həmrəyliyi və birgə səyi nəticəsində alına bilər. Ölkəmiz planetimizin qorunmasına, yer üzərində yaşayan canlıların, ümumilikdə, Yer kürəsində həyatın xilaskarı olmaq üçün təşəbbüslər irəli sürür. Dövlətimizin bu müqəddəs missiyanı layiqincə yerinə yetirəcəyinə əminik.
Pərvanə VƏLİYEVA,
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa xidmət” İctimai Birliyinin icraçı direktoru