“ACWA Power” şirkətinin məlumatına görə, Xızı və Abşeron rayonlarında hazırda tikintisi aparılan “Xızı–Abşeron” külək elektrik stansiyası gələn ilin ortalarında istismara veriləcək.
Azərbaycanın ilk, Qafqazın isə bu ən böyük külək enerji stansiyası 240 meqavatt gücündə olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 min tondan çox azaldacaq. 25 il müddətinə “tikinti-sahiblik-istismar” prinsipi ilə fəaliyyət göstərəcək və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti idarə edəcək.
Hazırda Abşeron və Xızı rayonlarında stansiyanın giriş yolları salınır, körpülər tikilir, külək turbinlərinin təməlləri qoyulur və parallel olaraq elektrik yarımstansiyasın inşası davam etdirilir. Ümumilikdə, layihənin icrasının 2025-ci ilin ortalarına qədər yekunlaşdırılacağı nəzərdə tutulur.
Xatırladaq ki, “Xızı–Abşeron” layihəsi Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə həyata vəsiqə qazanıb. Sözügedən sənədə əsasən, 240 meqavatlıq külək qurğusunun tikintisi Səudiyyə Ərəbistanı şirkətinə həvalə olunub. Ötən müddətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.