Yeni nəsil günəş panelləri daha mötəbər və məhsuldar olacaq

post-img

İqtisadi inkişaf enerjiyə tələbatın artması ilə birbaşa əlaqədardır. Sənaye istehsalı, kənd təsərrüfatı, nəqliyyat da daxil olmaqla müxtəlif xidmət sahələrində elektrik enerjisi istehlak edilir. Bu enerjinin böyük hissəsi dünyanın bir çox ölkələrində mədən yanacaqlarının, ilk növbədə, kömürün yandırılması hesabına əldə olunur. Bu zaman karbon qazı (CO2) və bir çox digər zərərli maddələr əmələ gəlir və onlar da havanı, torpağı, yeraltı və yerüstü suları çirkləndirir, iqlim dəyişikliyini şərtləndirir.

Biz onun dağıdıcı nəticələrini, məsələn, daşqınların və qasırğaların tezliyinin artma­sı, qütblərdə buz örtüyünün əriməsi və ya bir çox bitki və heyvan növlərinin yox olmasına təsir edən havanın pisləşməsi, eləcə də qlobal istiləşmədə görürük. Bunun qarşısını almaq üçün ayrı-ayrı hökumətlər, beynəlxalq təş­kilatlar, o cümlədən COP bərpaolunan enerji mənbələrindən istifadəni təklif edirlər. Çünki alternativ mənbələrdən istifadə edildikdə at­mosferdəki qeyri-təbii karbon dioksidin səviy­yəsi azalır, bu da iqlim dəyişikliyinin sürətini ləngidir. Eyni zamanda, bu enerji növləri təbii sərvətləri qoruyur, ekosistemlərin davamlılı­ğını dəstəkləyir və iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir addım olaraq qiy­mətləndirilir.

Azərbaycan Texniki Universitetin müəl­limi, professor Güləhməd Talıbov söhbət zamanı bu barədə dedi:

– Ölkəmizdə bərpaolunan enerji mənbəyi kimi günəş enerjisi önə çıxarılır. Günəş panel­ləri həm qızmar günəş altında, həm də soyuq bölgələrdə eyni dərəcədə uğurla istifadə olu­nur və etibarlı şəkildə işlədilir. Məsələn, bu­ludlu bir gündə belə, günəş panelləri ilə elekt­rik enerjisi istehsal olunur. Bu, fotovoltaik texnologiya əsasında həyata keçirilir. 

Ölkəmizdə də bu texnologiya geniş tətbiq edilir. Nəticə də müsbətdir. Məsələn, bu ilin birinci yarımilində günəş elektrik stansiyala­rının elektrik enerjisi istehsalı 286,6 milyon kVt-saat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,3 milyon kVt-saat və ya 8,8 dəfə çoxdur. Yeni texnologiyaların tətbiqi ilə bu göstəricilər yaxın illərdə daha sürətlə dəyişəcək və istehsal olunan elektrik enerjisinin dəyəri aşağı düşəcək. 

– Fotovoltaik elementlər bazarında silisium günəş batareyaları üstünlük təş­kil edir. Onlar 2 növdə–monokristallik və polikristallik olur. Bu panellər arasındakı fərq nədir?

– Son illərdə bir sıra texnoloji yeniliklər günəş enerjisinin gələcəyi üçün maraqlı pers­pektivlər açır. Daha ucuz materiallardan is­tehsal proseslərindən istifadə etməklə günəş batareyalarının maya dəyərini aşağı salmaq, düşən işığın udulmasını artırmaqla batareya­ların səmərəliliyini gücləndirir. 

Hazırda fotovoltaik elementlər bazarında monokristallik və polikristallik silisium günəş batareyaları üstünlük təşkil edir. Həm monok­ristal, həm də polikristal günəş enerjisini tutur və onu elektrik enerjisinə çevirir. Hər iki növ ümumi və davamlı material olan silikondan istifadə edir, lakin onlar müxtəlif texnologiya­lardan istifadə olunmaqla hazırlanır. Monok­ristal panellər təmiz silisium kristalından, po­likristal panellər isə silisium da daxil olmaqla bir neçə silikon fraqmentindən yaradılır. Onlar görünüşünə görə də fərqlənir. Monokristal pa­nellər, adətən, qara rəngdədir və vahid, hamar bir görünüşə malikdir, polikristallar isə mavi rəngdədir və istehsalda istifadə edilən çox­saylı silikon kristallara görə ləkəli görünüşə malikdir. 

Bu panellər effektliyinə görə də fərqlənir. Monokristal panellərdə təmiz silisium istifadə edildiyindən daha səmərəlidir və faydalı iş əmsalına (kommersiya məhsulu kimi, adətən, 15 faiz, laboratoriya şəraitində isə 25 faizə qədər) malikdir. Bu cür batareyalar bahalıdır, belə ki, onlarda ifrat təmiz yarımkeçiricidən istifadə olunur. Onun digər üstünlüyü az yer tutması və xərclərini ikinciyə nisbətən tez çıxarmasıdır.

Polikristallik batareyalar ucuzdur, qey­ri-mütəmadi kristallik strukturuna malik olması isə faydalı iş əmsalını kifayət qədər aşağı salır. Onun səmərəliliyi 13 faizdən 16 faizə qədər qiymətləndirilir. Hazırda günəş panellərinin maya dəyərini aşağı salmaq üçün alternativ olaraq bir çox müxtəlif üzvi və qey­ri-üzvi mənşəli materiallar işlənmə mərhələ­sindədirlər. 

– Bu sahədə yeni texnologiyalar haqqın­da məlumat verərdiniz. 

–Yeni texnologiyadan biri almaz günəş pa­nelləridir. Cihaz enerji yığımı baxımından bö­yük üstünlüklərə malikdir, perspektivli pero­vskit günəş batareyalarının, eləcə də ənənəvi silikon elementlərin səmərəliliyini üstələyir. Yeni batareyanı bu qədər faydalı edən əsas səbəblərdən biri yüksək istilik keçiriciliyidir. Bu, özlüyündə günəş batareyaları üçün böyük bir üstünlükdür. Çünki onlar bir çox zərərli amillərə davamlı və son dərəcə sərt kompo­nent olan almazdan istifadə sayəsində istiliyi daha yaxşı ötürmək qabiliyyətinə malikdir. 

Almaz fotovoltaik elementləri cızıqlardan, əyilmələrdən və digər mexaniki zədələrdən də qoruya bilir. Hətta bu almaz günəş panelləri­nin işıq spektrinin daha geniş diapazonunu ud­maq və öz növbəsində çevirmək qabiliyyətinə malikdir. Söhbət bənövşəyi və ultra bənövşəyi şüaları udmaq qabiliyyətindən gedir. Bu da onların effektivliyini artıracaq digər bir üstün­lükdür.

Yeni məhsulun bəzi çatışmayan cəhətlə­ri də var. Məsələn, qiymətləri ildən-ilə aşağı düşən silikon analoqları ilə müqayisədə baha­lıdır. Fakt budur ki, yüksək keyfiyyətli sintetik almazların istehsalı bahalı və texniki cəhət­dən mürəkkəbdir. Hazırda bu problemi həll etmək üçün daha qənaətcil istehsal üsulunu tapmaq məqsədilə geniş araşdırmalar aparılır. Bu günəş panellərinin gətirə biləcəyi faydaları inkar etmək olmaz, çünki onlar enerji sənaye­sində böyük bir irəliləyişi təmsil edir. Yaxın illərdə onun tətbiqi gözlənilir.

Bu sahədə ikinci bir yenilik qəzet kimi çap edilə bilən və sabit perovskit günəş bata­reyalarıdır. Yeni günəş batareyaları gündəlik 1000 ədəd qəzet çapına bənzər sürətlə kütləvi istehsal oluna bilər. Perovskit fotoelementləri və üzvi maddələrin tandemində batareya 500 saatlıq əməliyyatdan sonra səmərəliliyinin 90 faizdən çoxunu saxlayır. Onlar elastik və şəf­fafdırlar. Bu da panelləri pəncərələr üçün işıq uducu şüşə kimi istifadə etməyə imkan verir. Bu yolla günəş panelləri çoxmərtəbəli binala­rın yerləşdiyi şəhərlərdə tətbiq oluna bilər.

Göründüyü kimi, yeni texnologiyaların tətbiqi günəş panellərinin böyük gələcəyindən xəbər verir. Geniş araşdırmalar nəticəsində əldə olunan uğurlar maya dəyərini də aşağı salacaq. Bununla yanaşı, “yaşıl” enerji tex­nologiyalarının inkişafı enerji təhlükəsizliyini yaxşılaşdıracaq, iqtisadiyyat üçün yeni iş im­kanları yaradacaq. 

Pünhan ƏFƏNDİYEV
XQ



Ekologiya