COP29 – fəlakətdən xilas yolu axtarışının önəmli platforması

post-img

Nədənsə, son zamanlar ötən əsrin 70-80-ci illərinin bir “xalq proqnozu”nu tez-tez xatırlayıram. O zaman deyirdilər ki, XXI əsrin 20-ci illərində Yer kürəsində çox böyük fəlakətlər gözlənilir. Bu, müharibələr də ola bilər, təbii fəlakətlər də. Həmin dövrdə bu tarix bizə yaxın görünmədiyindən onu heç də ciddi qəbul etmirdik. Tale elə gətirib ki, bu illəri yaşamaq qismətimizə düşüb və indi biz o dövrün təxminlərinin gerçəkləşməsinin birbaşa iştirakçısıyıq. 

Çox uzağa getməyəcəyəm, bu il iyu­nun 6-da, axşam saat 10-11 radələrində rayonumuzda baş vermiş qasırğa və leysan yağışının yaşatdığı dəhşətli qorxu hissin­dən söhbət açacağam. Həmin vaxt düz iki saat ərzində göy aramsız olaraq guruldadı, şimşək çaxdı. Olduqca qorxunc idi. Ar­dından dolu qarışıq leysan yağışı başladı. Leysan özü ilə fəlakətlər gətirdi, sel-sula­rı hər yanı basdı. Küləyin şiddətindən isə saysız-hesabsız ağac qırıldı, bəziləri kö­kündən qopdu. Bu hadisədən cəmi on gün əvvəl baş verən göy gurultusu zamanı isə ildırım vurmasından 4 nəfər dünyasını də­yişmiş, bəzi evlərdə yanğın baş vermişdi. Xatırlatdığım bu məqam təkcə bizi əhatə edən aləmdə baş verənlərin kiçicik bir təs­viridir. 

Hazırda bütün dünya iqlim dəyişiklik­lərinin mənfi təzahürlərindən əziyyət çə­kir. Artıq belə fəlakətlər planetimizin hər yerini bürüdüyü üçün onun həlli yolları axtarılır. İndi iqlim dəyişikliklərinə səbəb olan fəaliyyətlərin azaldılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini hər kəs yaxşı bilir. 

Azərbaycan da qlobal iqlim dəyişik­liklərinə qarşı mübarizəyə qoşulub və bu məsələyə öz töhfələrini verməkdə davam edir. Belə ki, ölkəmiz 1990-cı illə müqa­yisədə 2030-cu ilə qədər istixana qazları­nın miqdarının 35 faiz azaldılmasını hə­dəfləyir. Həmin ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edil­miş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzər­də tutulur.

2024-cü ilin payızında Azərbaycan dünyanın ən böyük və mühüm iqlim təd­birlərindən biri olan COP29-a evsahib­liyi edəcək. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Noyabr ayında dünya­nın hər yerindən hökumət nümayəndələri Bakıda toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edəcəklər. Yeri gəlmişkən, Bakıda keçiriləcək mühüm iqlim tədbiri zamanı ən böyük fəlakətlərə səbəb olan müharibələr belə, müvəqqəti də olsa, dayandırıla bilər. Dünyanın əksər ölkələri Yay və Qış Olimpiya Oyunları za­manı atəşkəs barədə razılığa gəlirlər. Azər­baycan da COP29-un iqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, sülh sahəsində növbəti uğur hekayəsinə, əmin-amanlıq və anlaşma konfransına çevrilməsi üçün mü­hüm səylər göstərir. 

COP kimi mühüm bir iqlim tədbirindən söhbət açdığım zaman bir vacib məsələni də diqqətə çatdırmaq istəyirəm. Yaşadığı­mız bölgə təbii bitki örtüyü ilə zəngindir. Bu zənginliyi insanlar da hər zaman artır­mağa çalışır, təbiətə qayğı ilə yanaşırlar. İllər öncə bu yerlərin brendi sayılan qoz və şabalıd ağacları kütləvi surətdə qurumağa bağladı. Bu yaxınlarda rayonumuzun giriş kəndlərindən olan Bəhmədlidən başlaya­raq yol boyu qurumuş qoz ağaclarını say­dım. Onların sayı 79 idi. Bununla yanaşı, ərazidə yalnız bir budağı qurumayan və ya gövdəsində təkəm-seyrək yaşıl yarpaqları olan ağaclara da rast gəlmək mümkündür. Qoz ağaclarının arxasında salınmış şam xi­yabanlıqlarında da mənzərə eyni idi. Eyni zamanda, Qax–Zaqatala yolunun rayonu­muzun ərazisindən keçən hissəsində 53 qurumuş ağac var. 

Təklif edirəm ki, Ekologiya və Tə­bii Sərvətlər Nazirliyi qurumuş ağacların müəyyənləşdirilib aktlaşdırılması üçün xü­susi komissiya yaratsın. Daha sonra həmin ağaclar kəsilərək yerində yeniləri əkilsin. Ağaclar da əbədi deyil, onların da bir ömrü var. Elə COP29-un da əsas çağırışı “yaşıl” dünyadır. Qoy hər birimiz dünyamıza bir ağac əkməklə töhfə verək. 

Elmira MEHDİYEVA,
“Zaqatala” qəzetinin redaktor müavini

Ekologiya