“Yaşıl” enerji – “yaşıl” texnologiyalar

post-img

Bu yol iqlim sabitliyinə, ekoloji tarazlığa aparır

COP29-a məxsusi hazırlıqlar Yer üzündə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyanın eloloji təhlükəsizliyi, planetin özəlliyinin qorunması, insan sağlamlığı və ərzaq məhsulları ilə bol təminata kimi taleyüklü hədəflərə yönəlib. Ona görə də atılan bu addımlar gələcək nəsillər üçün regional siyasi münaqişələrdən, bir sıra siyasi problemlərdən daha artıq önəm daşıyır. 

“İqlim fəaliyyətinin gücləndirilməsinə həsr ediləcək nüfuzlu konfrans Azərbay­can cəmiyyətində iqlim dəyişikliyi və eko­loji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaq. Bu da təbii ki, vətən­daşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə səbəb olacaq. Əminəm ki, COP29 sammitinin keçirilməsi Yer kürəsinin gələcək nəsilləri üçün qlobal əhəmiyyətli dirçəliş prosesinə gedən yolda önəmli cığır açacaq. Bir sözlə, konfransın faydaları dünyada həm ekoloji dayanıqlılığı artıracaq, həm də iqtisadi in­kişafa əhəmiyyətli töhfələr verəcək”.

Azərbaycan Milli Elmlər Akade­miyası Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov yuxarıdakı açıqlamasının dava­mında bildirdi ki, COP29 konfransı za­manı, ölkəmiz sahib olduğu zəngin mədəni irsini və gözəlliklərini, eləcə də ekoloji dayanıqlılıq və “yaşıl” texnologiyaların inkişafı istiqamətində uğurlarını da dünya ictimaiyyətinə nümayiş etdirəcək: “Kon­fransın keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhə­miyyətli bir fürsət olacaq. Bu tədbir zama­nı iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar haqqında ətraflı söhbət açılacaq, eyni za­manda, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcək. Bu, şübhəsiz ki, son nəticədə respublikamızın “yaşıl” enerjiyə keçidi sahəsindəki uğurlu nəticələrdə dəyişikliklərə gətirib çıxaracaq. “Yaşıl” enerjinin geniş istifadəsi birbaşa Yer kürəsinə təsir edəcək”.

İqlimşünas alimin sözlərinə görə, qobal istiləşmə ötən əsrin 90-cı illərindən sonra özünü daha çox büruzə verməyə başlayıb. Bunun da əsas səbəblərindən biri dünya­da, xüsusilə də Çin və Hindistanda iqti­sadiyyatın sürətli inkişafı, habelə bununla əlaqədar atmosferə atılan karbon və digər istixana qazlarının miqdarının həddindən artıq dərəcədə artmasıdır. Bundan əlavə, kənd təsərrüfatı istehsalındakı artımlar da iqlimə təsirsiz ötüşmür. İllərlə istifadəsiz torpaqların əkin məqsədilə şumlanması yerin albedosunu azaltmaqla, Günəşdən gələn şüaların daha çox udulmasına və temperaturun artmasına səbəb olur. Atmos­ferdə aerozolların konsentrasiyasının azal­ması və meşələrin qırılması da problemi daha da kəskinləşdirir. 

Xatırladaq ki, hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. 2018-ci ildə dünya üzrə alternativ enerji texnologiya­larına 296 milyard ABŞ dolları sərmayə yatırılıb. Bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr arasın­da da trendə çevrilib, necə deyərlər, dövlət siyasətinin tərkib hissəsi olub.

S.Səfərov onu da vurğuladı ki, is­tixana qazlarının emissiyasını 35 faiz azaltmaqla “yaşıl” enerjidən istifadəni genişləndirmək yeni texnologiyalar tələb edir. Ənənəvi yanacağı birbaşa “yaşıl” enerji ilə əvəzləmək mümkünsüzdür. Belə edilsə, iqtisadiyyat çökər. Kompensasi­ya üçün “yaşıl” enerjidən istifadə etmək lazım gəlir. Alternativ enerjinin ənənəvi yanacağın yerini tutması üçün böyük tex­noloji güc tələb olunur. 

İqtisadçı-ekspert Samir Heydərov isə qeyd etdi ki, indiyədək keçirilən COP tədbirlərinin başlıca məqsədi atmosferdə karbon qazının (CO2) miqdarını azaltmaq­la qlobal istiləşməni məhdudlaşdırmaq və sənayeləşmədən əvvəlki dövrə nisbətən 1,5 dərəcə Selsi artım həddində saxlamaq olub. Bu COP29-da müzakirə ediləcək əsas mövzulardan biri kimi nəzərdə tutu­lub. 

Atmosferdə karbon qazının miqdarını azaltmaqla karbon neytrallığına nail olma­ğın zəruriliyinə artıq heç kimin şübhə ilə yanaşmadığını vurğulayan S.Heydərovun söhbətində bu gün iki qütbün toqquşması­nın göz önündə olduğunu bildirdi: “Birinci tərəf, ilk növbədə, Avropa İttifaqı 2050-ci ilə qədər sürətləndirilmiş enerji keçidinə və karbon neytrallığına nail olmaqda is­rarlıdır. Bu təşkilat istixana qazları emis­siyalarının karbohidrogenlərin hasilatı və istifadəsi sahəsində “keçid” layihələri he­sabına azaldılmasına nail olmağı yolveril­məz hesab edir. 

İkinci qütbdə dayanan dövlətlər–inkişaf etməkdə olan ölkələr isə karbon neytrallığına nail olmaq şərtilə iqtisadiyyatın inkişafının xüsusiyyətini nəzərə alan daha yumşaq keçidin tərəfdarıdırlar. Çünki bu yol inkişafda olan ölkələrə enerji və resurs səmərəliliyi istiqamətdə hərəkət edərək iqtisadiyyatı yenidən qurmağa imkan verir, eləcə də düşünülmədən sürətləndirilən enerji keçidini şərtləndirəcək sosial-iqtisadi risklərin səviyyəsini azaldır”. 

İqtisadçı-ekspert əlavə etdi ki, res­publikamızın bərpaolunan enerji potensi­alı əsasında istehsal edilən “yaşıl” sərvə­tin tezliklə ixracının həyata keçirilməsi, ölkəmizin bu sahədə genişmiqyaslı uğurlu layihələr reallaşdırması Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasından xəbər verir. Bu eranın əvvəlində Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması həm ölkəmizə etimad göstəricisi kimi diqqət çəkir, həm də qarşıya qoyulan vəzifənin – 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılmasının gerçəkləşdiriləcəyi əminliyini ifadə edir. 

S.Heydərov sonda bildirdi: “Belə bir tədbir Azərbaycanın iqlim dəyişikliklə­rinə qarşı mübarizədə həyata keçirdiyi la­yihələrin beynəlxalq aləmdə tanınmağına və bu sahənin sürətli inkişafına yeni inves­tisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. Respublikamız neft-qaz ölkəsi ol­maqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik ef­fekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər is­tehsal edilən elektrik enerjisinin 30 faizi­nin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stan­siyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq reallaşdırılır. Ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparı­cı şirkətləri ilə sazişlər imzalanır”. 

Qeyd edək ki, Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq bir­liyin məsul üzvü kimi rolunu nümayiş et­dirən “yaşıl” enerji layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərlən­dirir.

Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl” enerji növlərinin ya­radılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə ra­zılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədə – bərpaolunan enerji potensialının gerçək­ləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliy­yəti də əsaslı rol oynayıb.

Ekologiya