Bakı buxtasının estetik gözəlliyi təmin olunur

post-img

Xəzər dənizinin sahilyanı ərazilərinin, xüsusən də Bakı buxtasının uzun illər çirklənməyə məruz qalması ekoloqları, eləcə də xəzərşünas alimləri ciddi narahat edib. Çirklənmənin başlıca səbəbi neft tullantılarının düzgün idarə olunmaması, müxtəlif dəmir-beton konstruksiyalarının, həmçinin istismar müddətini başa vurmuş köhnə gəmilərin vaxtında ərazidən uzaqlaşdırılmaması ilə bağlıdır. Bununla yanaşı, sahilboyu ərazilərdə yerləşən sənaye, yaşayış və məişət obyektlərinin tullantıları da dənizin çirklənməsinə səbəb olub. Bu baxımdan paytaxtımızın incisi sayılan Bakı buxtası çirklənməyə daha çox məruz qalıb.

Əvvəlki illərdə dəniz akvatoriyasında batmış və yarımbatmış gəmilərin, istisma­rı başa çatmış dəniz buruqlarının, yanalma körpülərinin, eləcə də buruqlararası yolla­rın sökülərək sahilə daşınmasına başlanı­lıb. 1996-cı ildən etibarən isə Bakı buxtası­nın dibi təftiş edilərək batıb qalmış gəmi və metal konstruksiyaların çıxarılmasına start verilib. Bütün bunlara baxmayaraq, proble­min tam həllinə nail olunmayıb. 

Artıq bu sahədə böyük canlanma müşa­hidə olunur. Hazırda Xəzər dənizinin sahil­yanı ərazilərinin, o cümlədən Bakı buxtası­nın təmizlənməsi üçün ayrı-ayrı qurumlar tərəfindən işlənib hazırlanmış konkret la­yihələr həyata keçirilir. Prezident İlham Əli­yevin məlum sərəncamı ilə ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə işlərin daha da intensivləşməsi mü­şahidə olunur. Eyni zamanda bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millət­lər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün paytaxtımıza çoxsaylı qonaqların gəli­şi gözlənilir. O vaxta kimi isə paytaxtımızın sahilyanı ərazilərinin, xüsusən də Bakı bux­tasının estetik gözəlliyinin təmin olunması üçün abadlıq-təmizlik işləri ən yüksək sə­viyyədə başa çatdırılmalıdır.

Bakı buxtasında həyata keçirilən tə­mizlik işlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) aidiyyəti qurumları da yaxından iştirak edir. Hazır­da neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə çevrilməyi hədəfləyən SOCAR ət­raf mühitin mühafizəsini və təmizlənməsini prioritet istiqamətlərdən biri kimi müəyyən­ləşdirib. Bu baxımdan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı buxtasının təmizlənməsi ilə bağlı həyata keçirilən işlər diqqət çəkir. Təmizlik işləri çərçivəsində Bakı buxtasının ərazisində suda batmış və yarımbatmış qurğular və digər tullantılar tə­mizlənərək sahədən daşınır. 

Hazırda SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən Bakı buxtası və sahil zona­sında xüsusi texnologiya və avadanlıqların köməyi ilə batmış və yarımbatmış vəziyyət­də olan iri qabaritli tullantılar müəyyənləş­dirilir. Sonra isə həmin tullantılar çıxarıla­raq daşınması və utilizasiyası təmin olunur. Bununla bağlı xüsusi layihə işlənib hazırla­nıb. Qeyd edək ki, layihə COP29 tədbirləri çərçivəsində Bakı buxtası və sahil zonasının təmizlənməsi və bərpası istiqamətində atılan mühüm bir addım kimi diqqət çəkir. Eyni za­manda bu təşəbbüs ətraf mühitin qorunması, ərazinin estetik görünüşünün yaxşılaşdırıl­ması, turizmin inkişafı, eləcə də insanların həyat keyfiyyətinin artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. 

Ötən müddətdə dəniz sahəsində “Kərəçə-13” və “Atlet” kran gəmiləri va­sitəsilə suyun dibinə bərkidilmiş svayların kəsilərək ərazidən daşınması təmin olunub. Bu il aprelin 1-də başlanmış layihə çərçivə­sində 291 ədəd polad svay, 76 ədəd 2 tonluq beton blok, 148 ton ağırlığında olan 7 ədəd dəmir-beton konstruksiyası kəsilib, 76 kub­metr beton dasğıdılıb. Bütün bu işlər nəticə­sində 272,5 ton ümumi metal konstruksiyası kəsilərək ərazidən daşınıb.

Ağ şəhər bulvarının “Baku Marriot Ho­tel Boulevard”ın yaxınlığında yerləşən “tax­ta körpü” adlanan sahəsində də lazımi abad­lıq işləri həyata keçirilib. Ötən müddətdə taxta svayların kəsilərək çıxarılması və əra­zidən daşınması təmin olunub. Layihə çərçi­vəsində, ümumilikdə, 1610 ədəd taxta svay ləğv olunub ki, bunun da hesabına 3 min kvadratmetr ərazi abadlaşdırılıb. Bununla yanaşı, sözügedən ərazinin şərq hissəsində neftlə çirklənmiş 3,4 hektar sahə təmizlənib.

Ekologiya