Səudiyyə Ərəbistanı ilə ölkəmizin iqlim tərəfdaşlığı

post-img

Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Hazırda iki ölkənin işçi qrupları arasında COP29 çərçivəsin­də təcrübə mübadiləsi həyata keçirilir. Bunu Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli bildirib. Onun sözlərinə görə, iki ay öncə Səudiyyə Ərəbista­nının energetika naziri, daha əvvəl isə 45 nəfərdən ibarət işçi qrupu Azər­baycana səfər edib. 

Səfir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın Energetika, Ekologiya və Tə­bii Sərvətlər nazirliklərində görüşlər keçiri­lib, müxtəlif sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi müzakirə olunub. “İşçi qrupu azərbaycanlı həmkarları ilə ünsiyyə­ti davam etdirir və Səudiyyə Ərəbistanının COP29-a hansı töhfələr verə biləcəyini mü­zakirə edir. Səudiyyə Ərəbistanının energeti­ka naziri ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev arasında da müzakirələr davam edir və işçi qrupları arasında təcrübə mübadiləsi həyata keçirilir”, – deyə səfir əlavə edib. 

Hazırda Azərbaycandan və Səudiyyə Ərəbistanından olan işçi qrupları arasında görüşlərin onlayn formatda davam etdiyini diqqətə çatdıran səfirin dediyinə görə, zərurət yarandığı halda işçi qrup Azərbaycana yeni­dən səfər edəcək. İssam bin Saleh Əl-Cütey­li, həmçinin deyib ki, Azərbaycanda COP29 kimi yüksək səviyyəli böyük beynəlxalq təd­birin keçirilməsi onun gücünün, imkanlanla­rının daha bir nümayişi olacaq.

Yeri gəlmişkən, hazırda bu ölkənin Azər­baycana investisiya yatırmaq niyyətində olan şirkətlərlə danışıqlar aparılır. Bu barədə yer­li mediaya məlumat verən İssam bin Saleh Əl-Cüteyli bildirib ki, Azərbaycanın istər neft-qaz, istərsə də alternativ enerji sahəsinə investisiya qoymaq imkanlarının araşdırıl­ması ilə bağlı komissiyalar səviyyəsində iş gedir. Səfirin sözlərinə görə, bu yaxınlarda Azərbaycanın energetika və iqtisadiyyat na­zirləri ilə Səudiyyə Ərəbistanının energetika naziri arasında keçirilən üçtərəfli videogörüş­də əməkdaşlıq məsələləri müzakirə olunub. Həmin görüşdə Azərbaycanın energetika sek­toruna daha çox investisiyaların qoyulması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Bərpaolunan enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivlərindən söh­bət açan İssam bin Saleh Əl-Cüteyli deyib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanın “yaşıl enerji” sahəsin­də fəaliyyət göstərən məşhur şirkətlərdən­dir. Enerjinin saxlanması və onun akkumul­yasiyası ilə məşğul olan şirkət iki ay öncə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı sənəd imzalayıb. “Alternativ enerji sahəsində fəaliyyət göstərən qabaqcıl şirkət kimi “ACWA Power”in Azərbaycanda biz­nesini daha da genişləndirməyə çalışacağıq. “ACWA Power” çox məsuliyyətli və üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada yerinə yetirən bir şirkətdir”, – deyə diplomat qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı şirkə­ti hazırda ölkəmizdə 240 meqavat gücündə olan “Xızı–Abşeron” külək elektrik stansiya­sının tikintisini həyata keçirir. Ötən müddət­də layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbis­tanı şirkətinin öz ölkəsindən kənarda yatırdı­ğı ən böyük investisiyasıdır. Ölkəmizdə xa­rici sərmayə cəlb edilməklə həyata keçirilən “Xızı–Abşeron” külək elektrik stansiyasının ərazizisində hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini quraşdırılacaq. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi isteh­sal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verə­cək.

Ekologiya