Təmiz dünya uğrunda mübarizənin ön sırasında

post-img

Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün ölkəmizin əsas fəlsəfəsi həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olmaqdır. “Azərbaycan, şübhəsiz ki, “yaşıl enerji” inqilabında, eləcə də CO2 emissiyası ilə mübarizədə ön sıralarda yer alacaq. COP29-a evsahibliyinin Azərbaycana verilməsi bizim “yaşıl enerji” sahəsində atdığımız addımlara verilən mükafatdır. Eyni zamanda, respublikamızın fəaliyyətini bütün dünyaya göstərmək üçün bu, bir fürsətdir”, - deyə o bildirib.

Elnur Soltanov diqqətə çatdırıb ki, bərpaolunan enerji potensialı baxımın­dan çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region və dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla bütün dünyaya uğur nümayiş etdirən Azərbay­can “yaşıl enerji”nin reallaşmasında da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alıb.

COP29 Azərbaycan üzrə baş icraçı direktor bildirib ki, COP29 çərçivəsində gündəlikdə duran əsas məqamlardan biri “yaşıl enerji” dəhlizi məsələsidir: “COP hər zaman, dediyim kimi, iqlim danışıqla­rı prosesidir və bu proses artıq başlayıb. Noyabrın 11-nə qədər işimizin 50 faizin­dən çoxunu həll etməliyik ki, iki həftəlik proqram uğurla başa çatsın”.

Ekologiya