Naxçıvan “yaşıl enerji” dəhlizinə çevrilir

post-img

Qlobal çağırışların önündə gedən Azərbaycan hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanınır. Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsidir. İstehsalı bərpaolunan enerji mənbələrinə əsaslanan bu cür potensial isə hazırda ölkə üzrə 27 min meqavat həcmində qiymətləndirilir.

Bərpaolunan enerji mənbələrindən is­tifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə pa­yının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdi­rildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qara­bağ və Şərqi Zəngəzurla bərabər, Naxçı­vanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır. 

Muxtar respublikanın yerləşdiyi əlve­rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerji­sindən istifadə imkanları daha çox ön pla­na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miq­darı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş ener­jisindən istifadə imkanı mövcuddur.

Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib isti­fadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan ener­jinin payını artırıb. Bəs hazırda sözüge­dən sahədə hansı işlər görülür?

Naxçıvan Muxtar Respublikası Döv­lət Energetika Xidmətindən bildirilib ki, hazırda bu coğrafiyanın alternativ və bər­paolunan enerji potensialından istifadə ilə bağlı konkret dövlət sənədi mövcuddur. “Naxçıvan Muxtar Respublikasının so­sial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 priori­tet istiqamətin biri elektrik enerjisi isteh­salının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl enerji” istehsalıdır. Adıçəkilən Dövlət Proqramı­nın qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 19,89 faizi su elektrik və 12,75 faizi günəş elektrik stansiyalarının payına dü­şür. Ümumilikdə alternativ və bərpaolu­nan enerji mənbələrində istehsal edilən elektrik enerjisi ümumi enerji istehsalında 32,64 faiz təşkil edib. Bununla da muxtar respublikada günəş elektrik stansiyaları­nın ümumi gücü 39 meqavata çatdırılıb. 

Cari ilin 6 ayında isə ümumi elektrik enerjisi istehsalı 221 milyon 597 min 860 kilovat saat olub ki, bunun da 105 milyon 137 min 216 kilovat–saatı su elektrik, 30 milyon 337 milyon 144 kilovat–saatı isə günəş elektrik stansiyalarında istehsal olunub. Yeri gəlmişkən, hazırda Ordubad rayonu ərazisində 36 meqavatlıq “Ordu­bad” və 15,6 meqavatlıq “Tivi” su elektrik stansiyalarının tikintisi davam etdirilir. 

Məlumatda qeyd olunur ki, ötən il sentyabrın 28–29-da Naxçıvanda keçi­rilən Azərbaycan-Tükiyə 3-cü Enerji Fo­rumu və “Naxçıvan–yaşıl enerji zonası” beynəlxalq konfransında, eləcə də Bakı Enerji Forumunda Naxçıvanın enerji po­tensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalanıb. Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan Günəş Elektrik Stansi­yasının tikilməsi də nəzərdə tutulub. 

“Czech Engineering” şirkəti isə Sə­dərək rayonunun Türkiyə ilə sərhədin­də günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadə­si üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, Almaniyanın “Notus” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrini real­laşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 meqavatlıq Günəş Elektrik Stansiyasının Naxçıvanın şi­mal-qərbində – Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə tikilməsi nəzərdən keçirilir. 

Göründüyü kimi, Naxçıvanın “yaşıl enerji” potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük ma­raq var. Buradan da o nəticəyə gəlmək mümkündür ki, yeni layihələr tezliklə Nax­çıvanı “yaşıl enerji” dəhlizinə çevirəcək.

Ekologiya