25 İyun Azərbaycan Dənizçilərinin Peşə Bayramı Günüdür
Uzun illərdir ki, iyun ayının 25-i bütün dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur. Dənizçi peşəsinə verilən yüksək dəyərin göstəricisi olan bu əlamətdar hadisə ölkəmizdə də diqqətdən kənarda qalmayıb. Belə ki, Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda “Dənizçi Günü” peşə bayramı təsis olunub. Həyatını çətin və şərəfli peşəyə həsr etmiş dənizçilər əvvəlki illərdə olduğu kimi, budəfəki peşə bayramlarını da ruh yüksəkliyi, uğurlu göstəricilərlə qeyd edirlər.
Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Transxəzər istiqamətində yüklərin və sərnişinlərin daşınması ilə eyni zamanda, dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına müvafiq nəqliyyat xidmətləri göstərir. Bütövlükdə isə, Azərbaycanda gəmiçiliyin inkişafı neft sənayesinin yaranması və tərəqqisi ilə sıx bağlıdır. Daha doğrusu, 166 yaşı olan Azərbaycan dəniz nəqliyyatının zəngin və möhtəşəm tarixinin başlanğıcı XIX əsrdə Bakıda neft sənayesinin sürətli inkişaf dövrünə təsadüf edir. Belə ki, həmin illərdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan “Aleksandr” barjı məhz 1873-cü ildə Xəzərdə istismar olunub. Dünya üzrə istehsal olunmuş ilk tanker – “Zərdüşt” də (1878-ci il) Xəzərdə səfərlər edib. Bundan əlavə, ilk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908-ci il) gəmilərində üzmək şərəfinə də Xəzər dənizçiləri nail olublar.
Azərbaycan Dəniz Gəmiçiliyinin əsası isə 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. Donanmanın genişlənməsinin gəmi təmiri bazasının yaradılmasını zərurətə çevirdiyindən 1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulub. Sonrakı illərdə dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı çoxalıb, yeni körpülər inşa edilib, anbarlar tikilib, kranlar qurulub.
İllər ötdükcə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli su nəqliyyatı vasitələri ilə zənginləşib. Xəzər dənizi ilə daşınan yüklərin atması ilə əlaqədar olaraq dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilib. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında Avropada ən böyük infrastruktur sayılan Bakı–Türkmənbaşı gəmi-bərə keçidi işə salınıb. 1960-cı ildən etibarən Azərbaycan Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa–Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayıb.
Hazırda Azərbaycan dənizçiliyinin vacib sahələrindən sayılan Xəzər Dəniz Neft Donanmasının da 75 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. Xatırladaq ki, donanmanın əsası SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamına əsasən “Azərneft” Birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmrinə əsasən “Üzən vasitələr” idarəsnin yaradılması ilə qoyulub. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə verilib. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrilib.
Azərbaycanda dəniz nəqliyyatının bugünkü uğurlu inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət quruculuğu sahəsində təkrarolunmaz istedada malik Ümummilli lider iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Belə ki, SSRİ dağıldığı zaman bəzi müttəfiq respublikaların donanmaları böyük çətinliklərlə üzləşsə də, Azərbaycanda bu sahə Heydər Əliyevin qətiyyəti sayəsində qorunub saxlanılıb. Ötən müddətdə ölkəmizin dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Müstəqilliyimizin ilk illərində Azərbaycanda böyük neft layihələrinin, o cümlədən “Əsrin müqaviləsi”nin uğurla icrası, Xəzər dənizində dünya səviyyəli infrastruktur obyektlərinin yaradılması məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub.
Ulu öndərin Azərbaycanda dəniz nəqliyyatının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, ölkə iqtisadiyyatının bu vacib sahəsinə göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatının da sürətli inkişafı, bu sahədə təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması, eləcə də dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirakı Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Məhz dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında ötən müddətdə Azərbaycanın dəniz nəqliyyatı ilə yük daşımalarında rəqabətədavamlı, təhlükəsiz və çevik sistem yaradılıb, bu məqsədlə müasir dəniz limanları, Bakı Gəmiqayırma Zavodu inşa edilib, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.
Ölkəmizin dəniz nəqliyyatının şanlı ənənələrini uğurla davam etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli sərəncamlarına əsasən, ölkədə mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
Qurumun tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmasının balansında 52 gəmi, o cümlədən 21 tanker, 13 gəmi-bərə, 14 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi var. İxtisaslaşdırılmış donanma isə 192 gəmidən, o cümlədən 20 kran, 20 təchizat-yedək, 23 sərnişin, 2 borudüzən, 5 yanğınsöndürən, 5 mühəndis-geoloji, 9 dalğıc, 108 xidməti və köməkçi gəmidən ibarətdir.
Hazırda respublikamızda fəaliyyət göstərən dənizçilik şirkətlərində, limanlarda, gəmi təmiri və inşası müəssisələrində, habelə dənizçilərin hazırlanmasını həyata keçirən tədris müəssisələrində, ümumilikdə, 20 min nəfərdən çox dənizçi çalışır. Hər il peşə bayramı ərəfəsində onların əməyi dövlət tərəfindən lazımınca qiymətləndirilir, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup dənizçi “Əməkdar mühəndis” fəxri adına layiq görülür, “Tərəqqi” medalı ilə təltif edilir.
Dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş dəniz nəqliyyatı işçiləri də qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və kənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, eləcə də gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədirlər.
Mirbağır YAQUBZADƏ
XQ