Azərbaycanda aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XQ-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Axşam yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacağı bildirilir.