“Odlar yurdu” COP29 prizmasında

post-img

Dünya Vətənimizi yaşıl libasda görəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 100-dən çox dövlətin nümayəndəsinin iştirakına və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu. 

Bu fikirləri “Avrasiya miqrasiya təşəb­büsləri platforması” İctimai Birliyinin səd­ri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allah­verənov COP29-un ölkəmizdə keçiril­məsinin siyasi əhəmiyyəti barədə danı­şarkən səsləndirib. Onun dediyinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün siyasi baxımdan önəm daşıyır. Bununla yana­şı, tədbiri həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı baxımın­dan vacib tədbir kimi dəyərləndirən birlik sədri deyib ki, iqlim dəyişmələri ilə bağ­lı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişləri müşahidə etmək mümkündür. 

A.Allahverənovun sözlərinə görə, BMT-nin böyük güclərini özündə ehtiva edən dövlətlərin təmsil olunduğu kon­frans qərar verən tərəflərin həmin təd­birin keçiriləcəyi şəhərə və ya dövlətə göstərdiyi etimadın bariz nümunəsidir. COP29-un ölkəmizdə keçirilməsinə qərar verilməsi də böyük etimadın göstəricisi olmaqla ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.

Konfransın beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracağına əminliyini bildirən ic­timai birliyin sədri qeyd edib ki, Azərbay­canda, yəni Cənubi Qafqaz bölgəsində “yaşıl” ərazinin yaradılması önəmlidir. “Vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı. Bu zonada işğalçılıq siyasəti nəticəsində ölkəmizin florası və faunası məhv edilmişdi. Eyni zamanda, Azərbaycanın mədəni irsi, mədəni abi­dələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Arıq tor­paqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Azər­baycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasın­dan xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri “yaşıl” zo­naya çevirmək niyyətində olan Azərbay­can üçün COP 29-a ev sahibliyi etməsi olduqca vacibdir”, – deyə o əlavə edib.

Azər Allahverənovun fikrincə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində ölkəmiz özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Birlik sədri, həmçinin de­yib ki, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün də çox əlverişli imkanlar qazanacaq. 

XQ

Ekologiya