Təmiz ətraf mühit gələcəyə keçidin xilas körpüsüdür

post-img

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilmiş Prezidentə (President-Designa­te) Birləşmiş Millətlər Təşkilatı­nın İqlim Dəyişmələri üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessi­yasına və Paris Sazişinin Tərəf­lər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səla­hiyyəti verilib.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası ət­raf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alın­masına xüsusi əhəmiyyət verir. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçı­van Muxtar Respublikasının ya­şıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təza­hürüdür.

İqlim dəyişmələrinin qarşısı­nın alınması sahəsində Azərbay­canın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayı­na və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbir­lərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələ­rinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.

Sənəddə ölkəmizin bey­nəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yük­sək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğur­lu nəticələrlə yekunlaşması na­minə bütün zəruri tədbirləri görə­cəyi də diqqətə çatdırılıb. 

Xatırladaq ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan olu­nan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək üçün Azərbaycanı seçib. Respublikamızda COP29 konf­ransının keçirilməsi 2024-cü ilin noyabr ayına planlaşdırılıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyası üzrə Tərəf Dövlətlərin 29-cu Konfransı kimi yüksək sə­viyyəli beynəlxalq tədbirə evsa­hibliyi etməsi respublikamızın beynəlxalq aləmdə artan nüfuzu­nun, müxtəlif dövlətlərin və bey­nəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir. Digər tərəfdən, Azərbaycanda belə bir nüfuzlu tədbirin uğurla reallaşa­cağını zəruri infrastrukturun möv­cudluğu, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi şərtlən­dirir. 

Prezident İlham Əliyev müva­fiq sərəncam imzalayaraq 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi də ölkəmizin bu məsələyə mü­hüm önəm verməsindən irəli gəlir. Dövlət başçısının həmin sərən­camında bir daha qeyd olunur ki, “yaşıl enerji” növlərinin yaradıl­ması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. 

Sənəddə o da vurğulanır ki, COP29 kimi mötəbər bir tədbi­rin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ət­raf mühitin qorunması, iqlim də­yişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunması­nın bariz nümunəsidir. Məhz bü­tün bunlar nəzərə alınaraq iqlim dəyişmələrinə qarşı qlobal mü­barizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azər­baycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilir.

Azərbaycan “yaşıl enerji”nin reallaşdırılması ilə bağlı 2023-cü ildə gerçəkləşdirilən bir sıra təd­birlərlə yadda qalıb. Bu dövrdə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dəniz­də 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Ekspertlər tərəfindən adları çəkilən həmin sənədlər Azərbaycanın “yaşıl artım ölkəsi” və “yaşıl enerji” təchizatçısı kimi inkişafına mühüm təsir göstərə­cəyi kimi dəyərləndirilib. 

Qeyd edək ki, Prezident İl­ham Əliyevin ötən ilin yanvar ayında Birləşmiş Ərəb Əmirlik­lərinə (BƏƏ) işgüzar səfəri çər­çivəsində Əbu-Dabi şəhərində SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə “Dənizdə külək və hidrogen layihələrinin işlənmə­sinə dair Birgə İşlənmə Sazişi”, həmçinin “1QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək layihələrinin iş­lənməsinə dair Birgə İşlənmə Sazişi” imzalanıb. Bu sazişlər respublikamızla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azər­baycanda istixana qazı emissi­yalarının azaldılmasına, bərpa­olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafı­na töhfə verəcək.

Bərpaolunan enerji sahəsin­də “Masdar” şirkəti hazırda ölkə­mizdə 230 MVt gücündə “Qara­dağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal edəcəyi və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azal­dılmasına imkan yaradacağı nəzərdə tutulur. Yeri gəlmişkən, artıq ötən il “Qaradağ” GES-də ilk günəş paneli də quraşdırılıb. 2023-cü ildə karbon emissiyası­nın azaldılması məqsədilə SO­CAR ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasın­da “Dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair An­laşma Memorandumu” da imza­lanıb. 

Azərbaycan, eyni zamanda, “China Gezhouba Group Over­seas Investment” şirkəti ilə 2 QVt gücündə bərpaolunan enerji la­yihələri üzrə əməkdaşlıq edəcək. Belə ki, Çin şirkəti elektrik ener­jisinin yüksək gərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsin­də təcrübə mübadiləsini həyata keçirəcək. 

Azərbaycanın Energetika Na­zirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkədə sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı enerji” sistemləri, həmçi­nin “yaşıl hidrogen” istehsalı la­yihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndi­rilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərə­findən layihələrin şəbəkəyə qo­şulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını da nəzərdə tutur.

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngə­zur iqtisadi rayonları ilə yanaşı, Naxçıvan da “yaşıl enerji zona­sı” elan olunub. Bu ərazilərdə bərpaolunan enerji mənbələri üzrə ümumi texniki potensial 15 QVt səviyyəsində hesablanıb. Respublikamızın düşməndən tə­mizlənən ərazilərində artıq 53,6 MVt gücündə 11 kiçik su elektrik stansiyasının (KSES) istismarına başlanıb, 70,5 MVt gücündə 7 KSES isə hazırda inşa olunur və ümumi gücü 76,8 MVt olan daha 9 stansiyanın tikintisinə başlanı­lacağı da planlaşdırılıb. 

Cəbrayılda 240 MVt gücün­də “Şəfəq” Günəş Elektrik Stan­siyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl inkişafı”na öz töhfəsini verəcək.

Əlverişli günəş radiasiyasına malik Naxçıvanın da artıq “yaşıl enerji zonası”nın inkişafı konsep­siyası hazırlanıb. Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq isteh­sal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı stra­teji hədəf kimi nəzərdə tutulub. 

Naxçıvanda Fransanın “Total Energies” və yerli “Nobel Energy Management” şirkətləri ilə ümu­mi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədlərinin imza­lanması isə respublikamızın “ya­şıl enerji zonası” kimi inkişafını sürətləndirəcək. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradı­lacaq. Güclərin gerçəkləşdirilmə­si həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin isteh­sal və istehlakı ilə bərabər, ixra­cının da mənbə və marşrutuna çevirəcək.

Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikin­tisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Me­morandumu da imzalayıb. 

Adıçəkilən nazirlik və “TotalE­nergies” şirkəti arasında isə 250 MVt gücündə quruda külək, Nax­çıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji sax­lanc sistemləri layihələrinin qiy­mətləndirilməsi və həyata keçiril­məsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu im­zalanıb.

Beləliklə, “yaşıl enerji” layihələ­rinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çe­virəcək və muxtar respublikanın strateji əhəmiyyətini daha da ar­tıracaq. Belə ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsa­lı–ixracının da mənbəyi və marşru­tuna çevirəcək. 

Naxçıvan üzərindən “Tür­kiyə–Azərbaycan qarşılıqlı əlaqə layihəsi”nin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həya­ta keçirəcəyi Yol Xəritəsi”, “Azər­baycan Respublikasının Ener­getika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Enginee­ring” MMC arasında Azərbaycan ərazisində bərpaedilən enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvanda gücü 500 MVt-a qədər olan günəş elekt­rik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdı­rılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bər­pa Olunan Enerji Mənbələri Döv­lət Agentliyi və “ACWA Power” şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritə­si)” imzalanıb.

Onu da qeyd edək ki, Tür­kiyənin “Baltech Enerji” şirkəti Qarabağda 100 MVt külək elekt­rik stansiyası, Naxçıvanda isə 50 MVt gücündə günəş elektrik stansiyası üzrə əməkdaşlıq təklifi irəli sürüb.

V.BAYRAMOV
XQ

Ekologiya