Beş ölkədən enerji şirkətlərinə mesaj

post-img

Yaxın Şərqdə alovlanan müharibənin qlobal enerji bazarlarında yaratdığı sarsıntılar Avropa İttifaqının (Aİ) daxili iqtisadi siyasətində kəskin dönüş nöqtəsi formalaşdırır. Reuters agentliyinin yaydığı məlumata görə, Aİ-nin beş aparıcı dövləti - Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriya enerji şirkətlərinin “gözlənilməz mənfəətlərinə” xüsusi vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış ediblər. Avropa Komissiyasına ünvanlanan rəsmi müraciətdə bu addımın yalnız fiskal mexanizm deyil, həm də siyasi-strateji qərar olduğu vurğulanır. Təşəbbüsün arxasında həm Aİ daxilində iqtisadi konsolidasiyanı gücləndirmək, həm də enerji qiymətlərinin artımından fövqəladə gəlir əldə edən korporasiyaların sosial yükü bölüşməsi ideyası dayanır. Bu yanaşma “müharibə dövrünün iqtisadi ədaləti” konsepsiyası kimi təqdim edilir və ictimai narazılığın yumşaldılmasına yönəlmiş siyasi mesaj xarakteri daşıyır.

Aİ-nin enerji siyasətində formalaşan yeni xətt Brüsselin uzunmüddətli enerji şoku ssenarisinə hazırlaşdığını göstərir. Enerji təhlükəsizliyi çərçivəsində istehlakın normalaşdırılması, ehtiyatların koordinasiyalı istifadəsi və strateji neft anbarlarının aktivləşdirilməsi kimi mexanizmlər müzakirə olunur. Bu, Avropanın enerji bazarında dövlət tənzimlənməsinin gücləndirilməsi istiqamətində hərəkət etdiyini göstərir. Eyni zamanda, geosiyasi risklərin artmasına baxmayaraq, Rusiya qazından imtina strategiyasının dəyişdirilməməsi Aİ-nin enerji siyasətində siyasi prioritetlərin iqtisadi səmərəlilikdən üstün tutulduğunu nümayiş etdirir. Alternativ mənbələrin əsasən ABŞ və digər tərəfdaşlar hesabına formalaşması isə Avropanın enerji asılılığının coğrafi istiqamətini dəyişdirərək şərqdən qərbə doğru yeni balans yaradır.

Beş dövlətin irəli sürdüyü “müharibə vergisi” təşəbbüsü Aİ-də iqtisadi idarəetmənin fövqəladə rejim elementlərinə keçid kimi qiymətləndirilə bilər. Bu addım təsdiqlənərsə, enerji sektorunda dövlət müdaxiləsinin genişlənməsi, enerji nəhəngləri ilə hökumətlər arasında yeni tənzimləmə mərhələsinin başlanması və fiskal alətlərin geosiyasi böhranlara uyğunlaşdırılması ehtimalı yüksələcək. Enerji şokunun uzunmüddətli xarakter almasının isə paralel olaraq yaşıl enerji keçidini sürətləndirən katalizator rolunu oynaya, Aİ-nin enerji strategiyasında struktur dəyişiklikləri dərinləşdirə və iqtisadi təhlükəsizlik konsepsiyasını yenidən formalaşdıra biləcəyi ehtimal olunur.

Səbuhi MƏMMƏDOV

XQ

 

Dünya