Vahid Suriya yolunda: SDF dövlətə tabe olur

post-img

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib və bu qərarın "Suriya Demokratik Qüvvələri" (SDF) ilə əldə olunmuş razılaşma çərçivəsində verildiyini bildirib. O, ərəb qəbilələrinə müraciət edərək təmkinli davranmağa, gərginliyi artırmamağa və əldə olunmuş razılaşmanın müddəalarının icrasına mane olmamağa çağırıb.

Əş-Şaraa qeyd edib ki, SDF lideri Mazlum Abdi ilə planlaşdırılan görüş əlverişsiz hava şəraiti səbəbindən bir gün sonraya təxirə salınıb. Prezident vurğulayıb ki, Suriya dövləti vahid qalacaq və SDF ilə bağlı bütün həll olunmamış məsələlər siyasi və institusional çərçivədə tənzimlənəcək.

İmzalanmış razılaşmaya əsasən, Suriya dövlət qurumları Həsəkə, Deyr-əz-Zor və Rəqqa şəhərlərinə daxil olaraq inzibati və təhlükəsizlik nəzarətini təmin edəcəklər. Bütün mülki strukturlar tam şəkildə Suriya dövlətinin tabeliyinə keçirilir, ölkənin şimal-şərqində yerləşən neft yataqları üzərində nəzarət isə mərkəzi hökumətə təhvil verilir. SDF üzvlərinin Suriya Müdafiə Nazirliyinə inteqrasiyası bölmə halında deyil, fərdi qaydada və təhlükəsizlik yoxlamasından keçdikdən sonra həyata keçiriləcək.

Razılaşmaya görə, Eyn əl-Ərəb bölgəsindən ağır silahlar çıxarılacaq, Daxili İşlər Nazirliyinin nəzarəti altında yerli təhlükəsizlik qüvvələri formalaşdırılacaq. İŞİD döyüşçülərinin və onların ailələrinin saxlanıldığı həbsxana və düşərgələrə görə məsuliyyət Suriya hökumətinin üzərinə götürülür. Eyni zamanda, SDF PKK-ya bağlı ünsürləri Suriya ərazisindən çıxarmağı öhdəsinə götürüb.

“Reuters” agentliyinin məlumatına görə, kürd silahlı birləşmələri artıq geniş əraziləri və strateji obyektləri Suriya ordusuna təhvil veriblər. Bunların sırasında ölkənin şərqindəki ən böyük neft yatağı olan “Əl-Ömər” və mühüm qaz infrastrukturu obyekti sayılan “Koniko” yataqları yer alır. Həmçinin Suriya ordusu Rəqqa vilayətinin Tabka rayonuna tam nəzarəti təmin edib.

Pentaqonun açıqlamasına əsasən, indiyədək 483 döyüşçü SDF sıralarını tərk edərək Suriya hakimiyyəti ilə əməkdaşlığa başlayıb. Bununla yanaşı, Fərat çayının qərb sahilində Suriya ordusu ilə SDF arasında lokal toqquşmaların davam etdiyi bildirilir.

Mütəxəssislərin sözlərinə görə, Suriyada şimal-şərq bölgəsi üzrə elan edilən atəşkəs və Dəməşqlə Suriya Demokratik Qüvvələri (SDF) arasında imzalanan razılaşma ölkədə münaqişənin hərbi mərhələdən siyasi tənzimləmə mərhələsinə keçdiyini göstərən mühüm dönüş nöqtəsidir. Əhməd əş-Şaraanın təşəbbüsü ilə əldə olunan bu saziş yalnız lokal təhlükəsizlik addımı deyil, eyni zamanda mərkəzi hakimiyyətin illərdir faktiki nəzarətdən kənarda qalan əraziləri mərhələli şəkildə geri qaytarmaq strategiyasının tərkib hissəsidir.

Dəməşqin əsas hədəfi ölkənin ərazi bütövlüyünü bərpa etmək və paralel idarəetmə modellərinə son qoymaqdır. Razılaşmada mülki institutların, enerji infrastrukturlarının və təhlükəsizlik mexanizmlərinin tam şəkildə dövlət nəzarətinə qaytarılması bu məqsədin açıq göstəricisidir. Xüsusilə neft və qaz yataqlarının mərkəzi hökumətə təhvil verilməsi Suriya iqtisadiyyatının bərpası baxımından strateji əhəmiyyət daşıyır və Dəməşqin maliyyə resursları üzərində nəzarətini gücləndirir.

SDF üçün bu razılaşma hərbi üstünlüyün tədricən itirilməsi fonunda siyasi mövcudluğun qorunması cəhdidir. Silahlı birləşmələrin ləğvi və fərdi qaydada Suriya Müdafiə Nazirliyinə inteqrasiya mexanizmi kürd qüvvələrinin muxtar hərbi struktur kimi gələcəyini faktiki olaraq aradan qaldırır. Bununla belə, danışıqlar prosesində Mazlum Abdinin Həsəkə vilayətinin qubernatoru postuna namizəd kimi müzakirə olunması Dəməşqin kürd elitasını sistem daxilinə cəlb etməyə çalışdığını göstərir.

Razılaşmanın regional ölçüsü də az əhəmiyyət kəsb etmir. Siyasi analitiklər vurğulayırlar ki, PKK ünsürlərinin Suriya ərazisindən çıxarılması öhdəliyi birbaşa Türkiyənin təhlükəsizlik narahatlıqlarına cavab verir və Ankara–Dəməşq xəttində gələcək normallaşma üçün zəmin yaradır. Bu addım, eyni zamanda, SDF-nin regional manevr imkanlarını məhdudlaşdırır və onu xarici hərbi-siyasi dayaqlardan asılı vəziyyətdən çıxmağa məcbur edir.

ABŞ faktorunun prosesdə iştirakı diqqət çəkir. Politoloqların sözlərinə görə, ABŞ-ın Suriya üzrə xüsusi elçisi Tom Barrakın danışıqlarda yer alması Vaşinqtonun prosesdən kənarda qalmaq istəmədiyini göstərir. Bununla belə, Pentaqonun açıqladığı kimi, yüzlərlə döyüşçünün artıq SDF sıralarını tərk etməsi ABŞ-ın bölgədəki təsir rıçaqlarının zəiflədiyini göstərən mühüm siqnaldır. Vaşinqton üçün əsas prioritet İŞİD-in yenidən güclənməsinin qarşısını almaqdır və bu kontekstdə həbsxana və düşərgələrin Dəməşqin nəzarətinə keçməsi risklərlə yanaşı, yeni məsuliyyətlər də yaradır.

Bununla belə, mütəxəssislər bildirirlər ki, cəbhədəki vəziyyət isə tam sabitləşmiş hesab edilə bilməz. Fərat çayının qərbində davam edən lokal toqquşmalar razılaşmanın yerli səviyyədə dərhal qəbul olunmadığını və bəzi silahlı qrupların mərkəzi hakimiyyətə tabe olmaq istəmədiyini göstərir. Bu isə prosesin sürətli deyil, mərhələli və ziddiyyətli şəkildə davam edəcəyini ehtimal etməyə əsas verir.

Beləliklə, Suriya hökuməti ilə SDF arasında əldə olunan razılaşma ölkənin post-münaqişə dövrünə keçidi üçün mühüm siyasi çərçivə yaradır. Lakin bu çərçivənin real və davamlı sülhə çevrilməsi daxili aktorlar arasında etimadın formalaşmasından, xarici güclərin, xüsusilə ABŞ və Türkiyənin mövqelərindən və Dəməşqin mərkəzləşmə siyasətini hansı elastikliklə həyata keçirəcəyindən asılı olacaq. Suriyada növbəti mərhələnin hərbi deyil, siyasi alətlər üzərindən aparılacağı aydın görünür, amma bu mərhələnin nə qədər ağrısız keçəcəyi hələlik açıq sual olaraq qalır.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya