Praqa şəhər hakimiyyəti paytaxtda hava çirklənməsinin azaldılması məqsədilə taksi xidmətləri üçün yeni ekoloji tələblər müəyyən edib.
AZƏRTAC xəbər verir ki, 2030-cu ildən etibarən Çexiya paytaxtında yalnız elektromobillər taksi kimi fəaliyyət göstərə biləcək.
Bundan əlavə, gələn ilin avqust ayından bütün taksilər daha sərt ekoloji norma hesab olunan “Euro-6d” emissiya standartına cavab verməlidir. Sözügedən qərarlar bu gün şəhər şurasının üzvləri tərəfindən təsdiqlənib və yaxın vaxtlarda səsverməyə çıxarılacaq.
Son illər Praqada taksilərin sayı kəskin artıb, avtomobillərin orta yaşı isə təxminən 10 il təşkil edir. Bu vəziyyət şəhər rəhbərliyini hava mühitinin qorunması sahəsində tədbirləri gücləndirməyə vadar edib. Rəsmi sənədlərdə qeyd olunur ki, Praqada əsas hava çirkləndiricisi avtomobil nəqliyyatıdır və bəzi ərazilərdə çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının normalarını aşır.
Məlumata görə, 2024-cü ildə şəhərdə təxminən 16 min taksi qeydiyyatda olub. Bu artım əsasən “Uber” və “Bolt” kimi mobil tətbiqlərin geniş yayılması ilə əlaqələndirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

