Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətləri Rusiyanın ayrılmaz hissəsidir. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, bu məsələ ilə bağlı heç bir müzakirənin olmayacağını vurğulayıb. Məlumatı “Kommersant” verib.
Peskov ABŞ prezidenti Donald Trampın “Ukraynaya mümkün qədər çox ərazilərin qaytarılacağı” vədi ilə bağlı Ukrayna üzrə danışıqların çətinləşəcəyi barədə suala belə cavab verib: “Konstitusiyamızda qeyd olunan, Rusiya Federasiyasının subyektinə çevrilmiş ərazilər ölkəmizin ayrılmaz hissəsidir. Bu, tamamilə təkzibedilməz və müzakirə olunmayan faktdır”.
Bir gün əvvəl, fevralın 26-da Tramp Nazirlər Kabinetinin ilk iclasında ABŞ-ın Ukrayna münaqişəsini həll etmək planlarından danışıb. “Hər iki tərəf üçün ən yaxşı sövdələşməyə nail olmaq üçün hər cür səy göstərəcəyik. Ancaq Ukrayna üçün çox çalışacağıq ki, mümkün qədər ərazini geri qaytarmaq mümkün olsun”, - deyə Tramp bildirib.
Pentaqon rəhbəri Pit Heqset isə bildirib ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq və bu ölkənin NATO-ya daxil olması qeyri-real məqsədlərdir. Onun fikrincə, davamlı sülhə yalnız “etibarlı təhlükəsizlik zəmanətləri, müharibənin yenidən başlamayacağına zəmanət” vasitəsilə nail olmaq olar.
P.ƏMİRCANOV
XQ