Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün Türkiyə danışıqlar meydanı ola bilər.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərinin nəticələrini şərh edərkən ukraynalı politoloq Oleksiy Buryaçenko söyləyib.
“Rusiya-Ukrayna müharibəsinin tənzilmlənməsi istiqamətində sülh danışıqlarında Türkiyənin strateji tərəfdaş ölkə kimi mövqeyi vacibdir. Türkiyə Prezidenti Ərdoğanın bu görüşdə bir daha Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bəyan etməsi olduqca önəmlidir. Ərdoğan müharibənin ilk günlərindən bu fikri ictimai, diplomatik yola təsdiqləyib. Türkiyənin vasitəçiliyi ilə müharibə zamanı taxıl dəhlizi işə düşüb və səmərəli olub. Zelenski ilə Ərdoğanın görüşünü, müzakirə olunan məsələləri, imzalanan sənədləri müsbət qiymətləndirmək olar. Çox müsbət haldır ki, Türkiyə müharibənin tənzimlənməsində aktiv rol oynamaq niyyətini açıqlayıb. Müharibənin aktiv fazasının dayandırlması istiqamətində Ankara və ya İstanbul danışıqlar meydanı ola bilər. Düşünürəm ki, görüşdə Zelenski və Ərdoğan Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsini də müzakirə ediblər. Türkiyə hərbçilərinin sülhməramlılar şəklində Ukraynada olması real görünməsə də, rəsmi Kiyev Türkiyənin münaqişənin dayandırılması fonunda Rusiyanın bir daha hücum etməyəcəyinə dair Ukraynaya təhlükəsizlik zəmanəti verilməsində aktiv iştirakını istəyir. Bir sözlə, Zelenskinin Türkiyə səfəri və görüşləri məhsuldar olub, konstruktiv, dostluq şəraitində keçib”, deyə ukraynalı ekspert əlavə edib.
Onun sözlərinə görə, Zelenskinin Türkiyəyə səfəri iki ölkə arasında iqtisadi əməkdaşlıqda yarımçıq qalan sahələrin bərpası baxımından da önəmli olub. “Bu səfər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından da əhəmiyyətlidir. Rusiyanın hücumundan bir müddət əvvəl Ukrayna və Türkiyə arasında azad iqtisadi zona yaradılması haqqında razılıq əldə olunmuşdu, ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılması qeyd edilmişdi. Hazırda iki ölkə arasında iqtisadi baxımdan yarımçıq qalan sahələr bərpa edilir. Bunun üçün hətta müharibəyə qədər hüquqi əsaslar yaradılıb. Ukrayna və Türkiyə arasında qarşılıqlı əlaqələrin perspektivi Ukraynanın Avropaya inteqrasiyası kontekstində hər iki ölkə üçün önəmlidir. Həmçinin Qara dəniz akvatoriyasına nəzarət hər iki ölkənin xarici siyasəti üçün olduqca stratejidir”, - deyə Oleksiy Buryaçenko vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev