Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi mütləq açılacaq

post-img

Naxçıvanla Azərbaycanın şərq rayonları arasındakı dəhliz bu və ya digər şəkildə mütləq istifadəyə veriləcək. Bu məqsədlə Ermənistan və ya İran üzərindən marşrut seçilə bilər. Bütün bunlar davam edən danışıqların mövzusudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “CNN Türk” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsi ilə bağlı Bakı ilə İrəvan arasında dialoqla yanaşı, İrandan keçən alternativ marşrut da gündəmdədir. “Bu məsələ azərbaycanlı qardaşlarımızın nəzarətindədir. Ankara da bu prosesi izləyir”, -deyə Türkiyənin nəqliyyat naziri əlavə edib.

Uraloğlu qeyd edib ki, Türkiyə həm də Azərbaycan və Ermənistan arasında danışıqların tezliklə başa çatmasında və sülh sazişinin imzalanmasında maraqlıdır.

Türkiyəli nazir bildirib: “Əlbəttə, gündəliyi irəli sürərkən dövlətlərin milli təhlükəsizliyi məsələlərini nəzərə almaq vacibdir. Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılması bizim üçün vacibdir”.

Uraloğlu daha sonra Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkərək, Avropa ilə Asiya arasında malların tədarükü üçün bu marşrutun mövcud alternativlər arasında ən sərfəli, təhlükəsiz və qısa yol olduğunu vurğulayıb. O deyib: “Orta Dəhliz boyunca çatdırılma müddəti 18 gün ərzində qiymətləndirilir. Həmçinin 14 günlük son müddət də açıqlanıb. Qeyd etmək istərdim ki, Türkiyənin yerləşdiyi məkan Avrasiyada ticarət tədarükü marşrutları üçün ən əlverişlidir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya